AZ

"Xatəmi ustufca Heydər Əliyevin sözünü kəsəndə mən bərk narahat oldum ki, axı...”

“Heydər Əliyev o İran səfərindən bir fateh kimi, yəni diplomatik qələbə çalmış bir dövlət başçısı olaraq döndü...”
 
“2002-ci mayın 18-20-də mərhum Heydər Əliyevin İrana rəsmi səfəri oldu. O vaxt mən artıq 4 il idi ki, Azərbaycanın İrandakı səfiri kimi çalışırdım. Və həmin dönəmdə və ondan əvvəl - 1990-cı illərdən bəri İran-Azərbaycan münasibətlərində böyük bir gərginlik yaşanırdı. Bu gərginlik əsasən 1994-cü ilin sentyabrından - Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatıyla bağlı “Əsrin müqaviləsi” imzalananda Rusiya ilə bərabər İranın da buna etiraz etməsindən başlanmışdı. İran tərəfindən bizim hava sərhədləri, xüsusən də Xəzər dənizi üzərində tez-tez pozulurdu. Bir sözlə, ürəkaçan bir durum yox idi. Amma nəhayət, bizim də fəaliyyətimiz nəticəsində Heydər Əliyevin bəhs etdiyim səfərində iki ölkə arasındakı bütün problemli məsələlər həll olundu. Ona qədər məsələn, Təbrizdə Azərbaycanın konsulluğunun açılması məsələsi heç cür həll olunmurdu. Lakin o səfər sayəsində Heydər Əliyevlə ayətullah Xamneinin və Məhəmməd Xatəminin  münasibətləri qaydasına salındı”.  
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov söyləyib.
 
“Sözügedən səfər ərəfəsində mən bir səfir kimi iki ölkə arasındakı münasibətlərdə hər bir problemli məsələni bilavasitə Bakıya gəlib Heydər Əliyevlə müzakirə edərək təkliflərimi çatdırırdım. Yəni Tehrandan Bakıya heç bir məxfi məktub da yazmırdım. Və dövlət başçısıyla müzakirələrdən sonra konkret mövzuda tapşırıqlar alaraq Tehrana qayıdıb müvafiq danışıqlar aparırdım. İranda danışıqlarımız iki xətt üzrə - ali dini rəhbər və prezident istiqamətində aparılırdı. Və həmin söhbətlər haqda istər bizim dövlətdə, istərsə də İran dövlətində heç kəs bilmirdi. Nəhayət, Prezident İrana səfərə gələndə İran-Azərbaycan münasibətlərində elə bir düyünlü məsələ yox idi ki, müzakirə olunaraq həlli yolları göstərilməsin.  Yəni Heydər Əliyevin səfərinin tarixi yalnız bütün məsələlərin həll yolları tapılandan sonra müəyyən edildi. Həmin səfər çox uğurlu səfər oldu. Onu deyim ki, Heydər Əliyev o İran səfərindən bir fateh kimi, yəni diplomatik qələbə çalmış bir dövlət başçısı olaraq döndü. Artıq iki ölkə arasında o günədək həll edilməmiş saysız-hesabsız məsələlər mum kimi ərimişdi.  Məhz rəhmətlik Heydər Əliyevin həmin səfərindən sonra İranla münasibətlərimizdə çox uğurlu bir dövr başladı”, -deyə davamında həmsöhbətimiz bildirib. 
 
Sabiq səfir Heydər Əliyevin başçılığıyla Azərbaycanın geniş tərkibli nümayəndə heyətinin İrana sözügedən səfərinin bəzi konkret detallarını da açıqlayıb:  
 
“Qonşu İrana o tarixi səfər ərəfəsində və səfər zamanı baş verənlərlə bağlı bir çox məsələləri bu günədək mətbuata açıqlamamışıq. Ancaq sizə bəzi məqamları açıqlaya bilərəm... 
 
Demək, Heydər Əliyev artıq Tehranda İranın ali dini lideri Əli Xamnei ilə görüşdü... Onu qeyd edim ki, həmin tarixədək iki liderin görüşləri anlaşılmaz və ziddiyyətli olurdu. Azərbaycan dövlət başçısı İran liderinə bizim xalqın, dövlətin istəklərini çatdırırdı. Ermənistanın Azərbaycan Respublikasının torpaqlarının 20 faizini işğal etdiyi bir durumda qonşu İranın işğalçı Ermənistanla sərhədləri açdığını bildirirdi. Halbuki Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan demişdi ki, əgər İran bircə həftə Ermənistanla sərhədləri bağlasa, Ermənistan boğular və acından ölər. Heydər Əliyev bunu da misal gətirərək İran liderinə deyirdi ki, Azərbaycan torpaqlarının işğalından sonra əgər siz Ermənistanla sərhədləri bağlasaydınız, bəlkə də bu işğalçı ölkə məcbur olub qoşunlarını Azərbaycan torpaqlarından çıxarar və biz torpaqlarımızı azad edərdik. Ayətullah Xamnei isə “ABŞ və İsrailin Azərbaycandakı mövcudluğu İran üçün təhdiddir” və s. kimi  əsassız ittihamlar səsləndirirdi. Və görüşdən, danışıqlardan ayrılandan sonra hər  tərəf öz mövqeyində qalır, nəticədə iki ölkə arasında anlaşılmazlıq və probelmlər davam edirdi. Amma Heydər Əliyevlə Əli Xamneinin 2002-ci ilin mayındakı görüşü tam anlaşma şəraitində keçdi. Yadımdadır ki, Azərbaycan lideri bir-bir məsələləri dedikcə İranın ali dini lideri “olsun, çox gözəl” söyləyirdi. 
 
O da xatırımdadır ki, Heydər Əliyevlə Əli Xamneyinin Məşhəddə ilk görüşü 1992-ci ilin avqustunda Heydər Əliyev hələ Naxçıvanda Ali Məclisinin sədri olanda baş tutmuşdu. Həmin səfərdə mən Heydər Əliyevi tərcüməçi kimi müşayiət edirdim.  Bu özü başqa bir mövzudur... O vaxtdan bəri yalnız 1994-cü ildəki səfəri istisna olmaqla bütün İran səfərlərində Heydər Əliyevi müşayiət etmişdim... 
Xülasə, 2002-ci ildəki görüş tamam başqa bir görüş oldu. Tərəflərin bir-birinə qarşılıqlı hörməti və anlaşma şəraitində... Heydər Əliyev Xamneinin, Xamnei isə Heydər Əliyevin söylədiyi fikirlərə hörmətlə yanaşırdı. Amma bu elə belə deyildi. Heydər Əliyev başda olmaqla o görüşdə deyiləcək hər bir sözün üzərində aylarla yox, illərlə işləmişdik...
 
Ayətullah Əli Xamnei ilə görüş bitəndən sonra biz prezident Məhəmməd Xatəmi ilə görüşdük. Heydər Əliyev onunla ümumi tərkibdə görüşdən öncə təkbətək görüşdü. Təkbətək görüşdə rəhmətlik Heydər Əliyevin özündən başqa Prezidentin Katibliyinin rəhbəri Dilarə xanım Seyidzadə və səfir olaraq həm də tərcüməçi qismində mən iştirak edirdim. Heydər Əliyev məni səfir təyin edəndə demişdi ki, bilməlisən; mənim fars dili üzrə yeganə tərcüməçim sənsən, yəni səfir olub-olmamağına rəğmən harda bu dildən tərcüməyə ehtiyac oldu- onu sən edəcəksən. Elə də edirdik və bu mənim üçün böyük fəxarət idi...  
 
Xülasə, bəhs etdiyimiz görüşdə İran tərəfdən prezident Hatəmi özü və İranın Azərbaycandakı səfiri Əhəd Qəzayi idi. Bu danışıqlarda Heydər Əliyev Xamnei ilə görüşdə irəli sürdüyü təklifləri və həll yollarını bir daha səsləndirməyə başladı ki, geniş tərkibdə olacaq görüşdə anlaşılmazlıq baş verməsin. Dördüncü məsələyə gələndə Xatəmi bir balaca əlini qaldırıb “ağayi Heydər Əliyev” deyərək ustufca onun sözünü kəsdi. Həmin anda mən bərk narahat oldum ki, axı uzun müddət sözbəsöz üzərində işlədiyimiz danışıqlarda hər şey qaydasında olmalıydı, yəni yüksək səviyyədə razılaşdırılmışdı. Amma bir gözüm Heydər Əliyevdə idi – onun reaksiyasına diqqət edirdim - fikirləşdim ki, yəqin o da narahat olacaq. Ancaq inanın, Heydər Əliyevin heç tükü də tərpənmədi. Sanki heç bir şey baş verməyib və soyuqanlılıqla sakitcə Xatəmini dinləyirdi.  İran prezidenti isə dedi ki, Heydər Əliyev bayaqdan məsələləri sadalayır: bir, iki, üç, dörd... Ola bilər bundan sonra cənab Heydər Əliyev 20-30 məsələ sadalasın, lap 100 məsələ sadalasın- bunların hamısına mənim bir cavabım olacaq. Daha sonra isə üzünü birbaşa Azərbaycan liderinə tutaraq soruşdu: “Ağayi Heydər Əliyev, bilirsiz, o cavab nədir? Heydər Əliyev dedi ki, buyurun. O cavab “bəli”dir. Bunu eşidəndə rəhmətlik Heydər Əliyevə ləzzət elədi, güldü, kefi açıldı və cavabında söylədi ki, əgər ağayi Xatəminin 1000 təklifi olsa belə, mənim də bircə cavabım olacaq: “Bəli”.  O halda İran prezidenti dedi ki, elə isə burada niyə oturmuşuq, gedək geniş tərkibdə iclasımızı keçirək. Geniş tərkibli iclasda isə Heydər Əliyev bir-bir təklifləri sadaladıqca Xatəmi razılıq verir və bəzi məsələləri daha geniş təfsir edirdi. Mən rəhmətlik Heydər Əliyevin yanında oturmuşdum və biz tərəfi tam görmürdüm və kimin nə cür reaksiya verdiyini anlaya bilmirdim. Amma qarşı – İran tərəfini aydın görürdüm və Azərbaycan tərəfinin hər təklifi səsləndikcə kimin necə reaksiya verdiyini görürdüm. Hiss edirdim ki, İran hökumət nümayəndələri hamısı təəccüblə bir-birinə baxır və sanki deyirdilər: “Bu necə oldu, bu belə deyildi axı?”. 
Bu minvalla İranla aramızdakı bütün məsələlər həllini tapdı. Bundan sonra əməkdaşlığın müxtəlif sahələrinə dair sazişlər imzalandı. Əlavə olaraq daha bir vacib sənəd imzalandı: “Azərbaycan və İran arasında əməkdaşlığın prinsiplərinə dair Bəyannamə”. Onu birbaşa prezidentlər imzaladı. Məhz həmin Bəyannamədə İran ilk dəfə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanın ərazi bütövlüyü prinsipini qəbul etdi. Buna qədər İran tərəfi “münaqişənin ədalətli həlli” prinsipini irəli sürürdü ki, bu da ikibaşlı yanaşma idi...
 
Bir daha təkrar edirəm ki,  Heydər Əliyev 2002-ci ilin mayındakı İran səfərindən fateh kimi qayıtdı. Və sözümün canı ondan ibarətdir ki, dövlətlərarası münasibətləri daim nizamda saxlamaq üçün işləmək, işləmək və yenə də işləmək gərəkdir... Amma onu  deyim ki, həm əhalisinin 52 faizi soydaşlarımızdan ibarət olduğundan, həm də Azərbaycanla əməkdaşlıq sahələri çox olan İranda diplomat kimi çalışan şəxs gecə-gündüz işləməlidir... Əks halda gərəkli nəticəni əldə etmək mümkün olmaz. Və hər şey işləməkdən asılıdır. Diplomat var gücüylə, ağlıyla işləyəndə dövləti, xalqı üçün istədiyi nəticəni əldə edə bilir... 
Onu da vurğulamaq istərdim ki, hazırda İranda səfirimiz Əli Əlizadə başda olmaqla çalışqan və fəal bir komanda fəaliyyət göstərir. İnanırıq ki, belə bir komanda sayəsində İranla münasibətlərimizin inkişafında bundan sonra da yeni uğurlar əldə ediləcək...”
 
Sultan Laçın
 
 
 
 
 
Seçilən
26
moderator.az

1Mənbələr