AZ

QMİ-dən ehsan açıqlaması: Qadağan etmək olmaz

BAKI, 10 iyun. TELEQRAF

"Yas mərasimlərində ehsan vermək xalqımızın adətidir. Xüsusilə, rəhmətə gedən insanların yaxınları ehsan verər, müxtəlif yeməklər bişirər və gələn qonaqlara təqdim edirlər. Bununla yanaşı, çay, şirniyyat da verirlər. Bunu etmək rəhmətə gedən şəxsin xatirəsinə ehtiram göstərmək sayılır. Bəzi yerlərdə isə yemək verilməz, sadəcə, çay süfrəsi olar. Bu da bəzi insanların məlum məsələyə fərqli baxışından irəli gəlir".

Bu fikirləri Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev bildirib.

O, "ehsan" sözünün ərəbcədən tərcümədə"yaxşılıq" mənasını ifadə etdiyini söyləyərək deyib:

"Hələ 2014-cü ildə Azərbaycanda israfçılığın qarşısını almaq məqsədilə dövlət hüzr mərasimlərində ehsan verilməsini xüsusi nəzarətə götürdü. Yeni təşəbbüs cəmiyyətin müxtəlif təbəqələri tərəfindən də dəstəklənirdi və rayon icra hakimiyyətlərində yas yerlərində ancaq çay, halva və xurma verilməsinə nəzarət etmək üçün xüsusi komissiyalar da yaradılmışdı. Bu addım bir müddət müəyyən nəticələr versə də, tezliklə hüzr yerlərində bir sıra narazılıqlara yol açdı. Hazırda bir sıra mərasim evlərində, yas yerlərində ehsan süfrələri açılmaqda davam edir".

Maraqlıdır, görəsən, İslam dinində buna münasibət necədir? Ehsan verilməlidir? Verilərsə, necə olmalıdır?

Bu suallara aydınlıq gətirən müsahibimiz qeyd edib ki, ehsan təkcə yas yerində yemək verməkdən ibarət deyil. Həmçinin ehsana kasıblara, kimsəsizlərə dəstək olmaq, xəstələrə kömək etmək, ehtiyacı olan bir kəndə və ya qəsəbəyə yol, su çəkmək kimi bütün xeyirxah işlərdir:

“Yas mərasimlərində ehsan vermək insanların öz istəyindən asılıdır. Bu, hər bir insanın şəxsi işidir və dinlə heç bir əlaqəsi yoxdur. İnsan yaxşılıq etmək istəyirsə, edəcək. Quranda deyilir ki, ata-ananıza ehsan edin. Bu, öləndə yemək vermək deyil, onlara yaxşılıq etmək deməkdir”.

O bildirib ki, yas mərasimlərində ehsan verilməsinin səbəbi uzaq yerlərdən gələnləri qarşılamaq, ac qoymamaqdır.

“Digər müsəlman millətlərində bu fərqlidir. Bəzi yerlərdə çay, xurma və halva ilə kifayətlənirlər. Bəzi yerlərdə, ümumiyyətlə, bunları vermirlər. Bəzi yerlərdə isə 1 və ya 2 dəfə süfrə açırlar. Onun hansı yemək olması, süfrənin necə olması camaatın adət-ənənəsinə uyğundur. Məsələn, toy mərasimləri də buna aiddir. Hər bir xalqın özünəməxsus ənənəsi var. Bunlar əsrlərlə formalaşıb. Bu gün Azərbaycanda bölgələrdə bunu insanlar özləri nizamlayırlar. Bəzi bölgələr var ki, orada ancaq çay verilir. Bu, ailənin üzərinə yük düşməməsi üçün edilir. Məsələn, cənub bölgəsində yasa gələnlər pul yığır, yığdıqları pulla xörək bişirib, süfrə açır, yemək verirlər. İslamda yas evinə gələn qonağın o evdən yemək istəməsi bəyənilmir. Qədim adətdir ki, qohum-qonşu rəhmətə gedən insanın ailəsinin yanında olub ,ona dəstək nümayiş etdirilər. Hətta peyğəmbərimizin (s.ə.s) zamanında hərə öz evindən yemək götürüb, rəhmətə gedən insanın ailəsinin yanına gedirdilər”, - deyəF. Nurullayev söyləyib.

F. Nurullayev əlavə edib ki, ehsan yaxşılıqdır, buna görə onu qadağan etmək olmaz: “Onu düzgün qaydaya salıb, formalaşdırmaq olar”.

Seçilən
46
teleqraf.com

1Mənbələr