Bakıda nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə media ictimaiyyətinin nümayəndələri üçün “Saxta xəbərlər və dezinformasiya ilə mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim keçirilib.
Editor.az xəbər verir ki, saxta xəbərlərlə mübarizəyə həsr olunmuş tədbir BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında akkreditə olunmuş jurnalistlər və BMT Müxbirlər Assosiasiyasının üzvləri Stefano Vakkara və Cordan Dakamse tərəfindən keçirilib.
Tədbir yerli mətbuatın nümayəndələrini bir araya gətirib. Maarifləndirici təşəbbüs Azərbaycan Medianın İnkişafı Agentliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
İtaliyanın “Italpress” xəbər agentliyinin amerikalı müxbiri, 30 illik jurnalist təcrübəsi olan Stefano Vakkara “Faktlar unudularsa, jurnalistika öz mahiyyətini saxlayarmı?” mövzusunda analitik reportaj təqdim edib.
BMT-nin müxtəlif missiyalarında ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi böyük təcrübəyə malik olan “Jordan Report Media and Entertainment”ə rəhbərlik edən Cordan Dakamse isə “Necə nüfuzlu jurnalist olmaq olar?” və “Dezinformasiyanın qarşısını almaq üçün sosial mediadan istifadə” mövzularında dəyərli praktiki tövsiyələrini iştirakçılarla bölüşüb.
İntensiv təlim zamanı etibarlı və araşdırmaçı jurnalistikanın cəmiyyət üçün əhəmiyyətinə xüsusi diqqət yetirilib. İştirakçılar informasiya ilə həddən artıq yüklənmə dövründə getdikcə populyarlaşan fakt yoxlama mədəniyyətinin inkişafı ilə bağlı fəal fikir mübadiləsi aparıblar. Əhalinin media savadlılığının artırılmasında, həm sosial şəbəkələrdə, həm də ixtisaslaşmış media platformalarında etibarlı peşəkar imicinin formalaşmasında jurnalistlərin əsas rolu da müzakirə olunub.