Qərb analitikləri Rusiya rublunu il ərzində möhkəmlənməsinə görə dünyanın ən uğurlu valyutası adlandırıblar. Bununla belə, rusiyalı ekspertlər yenidən “partlayıcı devalvasiya” risqləri barədə xəbərdarlıq edirlər. Hesab edilir ki, avqust ayı ərəfəsində belə hal ola bilər. daha əvvəl də verilən belə ənənəvi proqnoz adətən özünü doğrultmur. Hipotetik devalvasiyanın səbəblərindən biri aktivlərin dəyərdən düşməsi kontekstində nağd dollara tələbatın artması ola bilər.
Qərb analitikləri isə qeyd edir ki, rublun 2025-ci ildə heyrətamiz yüksəlişi Rusiya valyutasının kəskin ucuzlaşdığı əvvəlki iki illə müqayisədə fərqli vəziyyətin yarandığını göstərir. “Bank of America”nın hesablamalarına görə, 2025-ci ildə rubl dollara nisbətdə 40%-dən çox bahalaşacaq. Rusiya Mərkəzi Bankın rəsmi məzənnəsinin dinamikası bir qədər fərqlidir: bu halda ilin əvvəlindən rubl dollara nisbətdə 20%-dən bir qədər çox bahalaşıb. Bütün bunlar Qərb analitiklərinin rus rublunu dünyanın ən uğurlu valyutası adlandırmasına səbəb olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib: “Biz rublun möhkəmlənməsini özümüz adi gözlə görürük və bunu görmək üçün xüsusi ekspert olmaq lazım deyil: valyuta möhkəmlənir”. O, həmçinin qeyd edib ki, milli valyutanın bu cür möhkəmlənməsi daxili iqtisadiyyatın bəzi seqmentləri üçün müsbət amilə çevrilsə də, digər ixracyönümlü sahələr üçün müəyyən xərclər deməkdir: “Ancaq bir şey göz qabağındadır: bu, makroiqtisadi sabitlik və Rusiya iqtisadiyyatının təhlükəsizlik marjasıdır". Lakin indi yayın başlaması ilə bəzi rusiyalı analitiklər növbəti dəfə rublun qarşıdakı “partlayıcı devalvasiyası”nın riskləri barədə xəbərdarlıq etməyə başlayıblar. Maliyyə analitiki Pavel Ryabov qeyd edir ki, bir tərəfdən, həqiqətən də “möcüzəli transformasiya” baş verir: “2022-ci ilə qədər rubl riskli aktiv idi və risklər həmişə xarici valyutaya tələbatın artmasına səbəb olub. Ancaq 2022-ci ildən sonra Rusiyada riskli olan valyuta aktivləridir”. Ekspert aktivlərin “təbii devalvasiyası”na diqqət çəkib ki, bu da bir neçə tendensiyaya əsaslanıb. Xüsusilə, valyuta borcunun əhəmiyyətli hissəsi artıq ödənilib, rubl isə hesablaşma strukturunda getdikcə üstünlük təşkil edir. Faktiki idxal azalır, həm də hazırda ölkəyə ixracatçılardan kifayət qədər yüksək valyuta axını gəlir. Amma məsələnin başqa tərəfi də var. Məhz bütün bu amillər birləşdikdə rublun devalvasiyası riski yaranır və Ryabovun fikrincə, devalvasiya partlayıcı ola bilər: “Niyə? İxrac və valyuta axını ilə “təmin olunmayan” rubl qənaəti yaranır ki, burada da risk valyuta ifadəsində 2022-ci ilin əvvəli ilə müqayisədə demək olar ki, iki dəfə yüksəkdir. Valyuta tədarükü yoxdur, yalnız ixracatçılar onu tədarük edir, bu, ayda 7-10 milyard dollar daxilində çox dar bir kanaldır, sanksiyaya görə heç bir xarici maliyyə vəsaiti yoxdur. Bundan əlavə, tezliklə müxtəlif səbəblərdən valyutaya tələb yarana bilər ki, bu da rublu dərhal sarsıdacaq. Bu zaman məsələsidir”.
Ekspertlər xarici valyutaya tələbin yerli artımını təsdiqləsələr də, heç bir anomaliya qeydə almırlar. “İnqosstrax Bank”ının əməliyyatlar direktoru Yuri Stepkin qeyd edir: “Biz anormal tələb görmürük. Tələb səviyyəsinin artması mövsümi amillə - tətil dövrü ilə bağlıdır”. “BCS World of Investments” şirkətinin eksperti Lyudmila Rokotyanskaya qeyd edib ki, ənənəvi olaraq tətil dövrü ilə bağlı olan yay aylarında əhalinin nağd dollar və avroya tələbatı arta bilər.
Burada bir daha xatırladaq ki, Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyor olduğundan, rublla bağlı baş verənlər ölkəmizdə də diqqətlə izlənir. Rusiya valyutası bahalaşdığından, bu, ölkəmizə ixrac edilən qeyri-neft məhsulların manat ifadəsində bahalaşmasına səbəb olur. Rublun dəyər qaazanması növbətə mərhələdə deflyasiya ilə nəticələnir. Bu da əhalinin alıcılıq gücünə müsbət təsir göstərir. Nəticədə məhsula tələb artır və idxal olunan məhsulların qiymətinin artmasına gətirib çıxarır. Bu səbəbdən Azərbaycandan Rusiyaya ixrac indi daha cazibədardır. Rusiyaya ixrac olunan iri məhsulların strukturu olduqca önəmlidir. Ölkəmizdən Rusiyaya ixrac olunan məhsulların əhəmiyyətli hissəsi daha çox meyvə-tərəvəz və ərzaq strukturlu məhsullar olduğu üçün onlara tələb daim yüksəkdir. Bu halın manata təsiri də maraqlıdır. Hazırki şərtlər daxilində Azərbaycan məzənnəsinin formalaşdırılması siyasətində qonşu ölkələrin valyutalarının dəyəri əsas faktor deyil. Hazırda Azərbaycan manatının sabit məzənnə siyasətinin davam etdirilməsi istiqamətində addımlar atılır. 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasında, həmçinin, dövlət büdcəsinin həmin illərdəki layihəsində dollar-manatın nisbəti 1.7 manat olaraq götürülür. Mərkəzi Bankın bugünki şərltər daxilində verdiyi mesajlar onu göstərir ki, bu məzənnə siyasətinin davam etdirilməsinə çalışılacaq. İnflyasiya istiqamətində də yaranmış risqlər də müəyyən qədər neytrallaşdırılır. Xüsusilə də qeyri-neft iqtisadiyyatının şaxələnməsi, hökumət daha çox sosial məqamlara diqqət yetirməsi proses təsir edir. Bir məsələni də qeyd edək ki, Rusiyada xeyli sayda Azərbaycan vətəndaşları çalışır. Rublun bahalaşması Rusiyada yaşayan azərbaycanlıların ölkəmizdə ailələrinə göndərdikləri vəsaiti də artırır.
Ramil QULİYEV