AZ

Pakistanın Azərbaycana satdığı 40 qırıcı Ermənistana “kifayət edəcək”...


Ramil Məmmədli: “JF-17C Block III qırıcı təyyarələri real döyüş təcrübəsi keçən təyyarələrdir”

ABŞ-ın “Forbes” jurnalının xəbərinə görə, Pakistan hökuməti cümə günü sosial media platforması X-də təsdiqləyib ki, Azərbaycan 4,6 milyard dollarlıq müdafiə sazişi çərçivəsində JF-17 qırıcılarının sifarişini 16-dan 40-a qaldırıb. JF-17C Block III qırıcısının 4.5-ci nəsil olması ilə diqqət çəkən jurnal qeyd edir ki, bununla da Azərbaycan qırıcıların sayı baxımından Ermənistanı 10 dəfə geridə qoyub.

Azərbaycanın, xeyli köhnəlmiş olsa da, keyfiyyətli təmirdən çıxmış MiQ-29 qırıcı donanmasını, İsrail və Türkiyə istehsalı olan qabaqcıl dronlarını nəzərə almasaq belə, 40 ədəd JF-17C Block III qırıcısı rəsmi Bakıya ciddi üstünlüklər verir.

Daha sonra “Forbes” bunları əlavə edib: “İrəvan çox güman ki, bir neçə istiqamətdə cəhdlər göstərəcək. Lakin Fransanın “Rafale” təyyarələrindən daha sərfəli olduğunu nəzərə alsaq, Hindistanda istehsal olunan Su-30MKI-lərin alınmasına üstünlük veriləcək”.

Qeyd edilir ki, Hindistan və Pakistan arasında keçən ay yaşanan gərginliklə əlaqədar Hindistanın Rafale donanmasının kifayət qədər güclü performans göstərməməsi ilə bağlı ittihamlar Ermənistanın seçimlərinə təsir edə bilər.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Ermənistan hansı vasitələrə əl atsa da, Azərbaycanla hərbi hava qüvvələri sahəsində rəqabət apara bilməyəcək: “Başlıca səbəb onunla bağlıdır ki, bunun üçün böyük vəsaitlərə ehtiyac var. Ermənistanın belə bahalı layihələri həyata keçirmək imkanı yoxdur. Fransa Ermənistanla nə qədər yaxın münasibətlərə malik olsa da, “Rafale” qırıcılarını bu ölkəyə havayı verməz. O cümlədən, Hindistan Su-30MKI-ləri ucuz qiymətə Ermənistana satan deyil. Üstəlik, Ermənistan yaxşı bilir ki, Azərbaycanın hava hücumundan müdafiə vasitələrində İsrailin müasir sistemləri mövcuddur. Bu sistemlər vasitəsilə Ermənistandan Azərbaycana yönəlik istənilən hava hədəflərini zərərsizləşdirmək mümkündür. Azərbaycanın öz hərbi hava qüvvələrində olan arsenalı modernləşdirməsi, onları İsrail və Türkiyə istehsalı olan silahlara, radio-elektron sistemlərə inteqrasiya etməsi hava üstünlüyümüzü gücləndirir. Bu vasitələr hesabına nəinki Ermənistandan, hətta digər ölkələrdən gələ biləcək potensial təhdidləri önləmək mümkün olacaq. JF-17C Block III qırıcı təyyarələrinin alınması Azərbaycanın döyüş aviasiya parkının regionda üstünlıük yaratmasına gətirib çıxaracaq. Ermənistan SU-30 döyüş təyyarələrini alsa da, bu texnika praktik olaraq hər hansı döyüş yolu keçməyib. JF-17C Block III qırıcı təyyarələri real döyüş təcrübəsi keçən təyyarədir. Ona görə də Azərbaycanın hərbi hava qüvvələrinin üstünlüyü ortadadır”.

Vidadi ORDAHALLI

Seçilən
61
baki-xeber.com

1Mənbələr