AZ

Qeyri-neft sektoruna sərmayələr azalmağa başladı - həyəcan doğuran səbəblər...


Fikrət Yusifov: “İnvestisiya iqtisadiyyatda artım əldə etməyin yeganə mənbəyidir”

Ölkə iqtisadiyyatında il başlayandan bəri artımın azalması neft-qaz sektoru ilə bağlı olduğundan, qeyri-neft sahələrinin inkişafı getdikcə daha çox sürət tələb edir. Çünki sözügedən sektorlar arasında inkişaf və o cümlədən, büdcəyə gəlir gətirmək baxımından o qədər böyük fərq mövcuddur ki, bu sahədə tezliklə balans əldə etmək üçün həm kompleks və köklü islahatlar, həm də böyük məbləğdə investisiyalar lazımdır.

İl başlayandan bəri iqtisadi artımın azalmasında əsas faktorlardan biri kimi məhz investisiyalar çıxış edir. 2025-ci ilin ilk 4 ayı ərzində ölkədə əsas kapitala 5 milyard 69,3 milyon manat məbləğində investisiya yatırılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6% azdır. Halbuki, ötən ilin 4 ayında investisiyalarda 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,8% artım qeydə alınmışdı. Təəssüf doğuran məqam həm də odur ki, qeyri-neft sektoruna yönələn sərmayələr azalıb. Bu il sözügedən sahəyə sərmayə qoyuluşu 5,3 faiz artsa da, ötən il bu, 15,2 faiz idi. Göründüyü kimi, qeyri-neft sahəsinə investisiya həcmində artım qeydə alınsa da, keçən illə müqayisədə bu, 3 dəfəyədək aşağı səviyyədədir.

Maraqlıdır, qeyri-neft sektoruna sərmayə qoyuluşu niyə azalıb?

“Bu səbəbdən biz də xarici və yerli investisiyaların həcminin sürətlə artırılması yolunu tutmalıyıq”

Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında müşahidə edilən azalmanı əsasən investisiya mühitinin qənatbəxş olmaması ilə əlaqələndirdi: “İnvestisiya iqtisadiyyatda artım əldə etməyin yeganə mənbəyidir. İstənilən ölkədə iqtisadiyyatda ciddi dönüş o zaman əldə oluna bilir ki, hökumətin apardığı iqtisadi siyasət yerli və xarici investisiyalara yaşıl işıq yandırsın. Biz buna dair çoxsaylı misallar göstərə bilərik. Məsələn, Çin iqtisadiyyatı bu səviyyəyə hansı yollarla və nəyin hesabına gəlib çıxa bildi? Təbii ki, xarici kapitalın Çinə gətirilməsini təmin edən hökumət qərarları xarici investorlar üçün o qədər maraqlı oldu ki, onlar düşünmədən bu ölkəyə axın etdilər. Başqa bir misal Sinqapur ola bilər. Sinqapur necə iqtisadi yüksəliş əldə edə bildi? Dünyanın bütün banklarına qapılarını açdı, investisiya yatırımları üçün geniş və münbit bir mühit formalaşdırdı. Bu gün Bakının Qaradağ rayonunun yarısı boyda ərazisi olan Sinqapur 530 milyard dollar həcmində ümumi daxili məhsul istehsal edir. Bu balaca ölkənin ixracının həcmi 500 milyard dollara yaxındır. Bu səbəbdən biz də xarici və yerli investisiyaların həcminin sürətlə artırılması yolunu tutmalıyıq. Bunun üçün bütün imkanlarımız mövcuddur”.

Vidadi ORDAHALLI

Seçilən
75
baki-xeber.com

1Mənbələr