Auditorlar Palatasının məlumatına əsasən, 2024-cü ildə Azərbaycanda 1436 bələdiyyə məcburi audit subyekti olub. Bu, əvvəlki illə müqayisədə 10,6% azalma deməkdir. Həmin il auditdən keçmiş bələdiyyələrin sayı 4,7% azalaraq 709-a düşüb.
Bu, o deməkdir ki, bələdiyyələrin yalnız 49,4%-i auditdən keçib, 50,6%-i isə yoxlanılmayıb. Müasir idarəetmənin və maliyyə sisteminin əsas dayaqlarından biri şəffaflıq və ictimai hesabatlılıq prinsipidir. Xüsusilə də ictimai vəsaitlərin idarə olunduğu qurumlarda, məsələn, bələdiyyələrdə bu prinsiplərin qorunması, vətəndaşların etimadını təmin etmək və hüquqi qaydaların tətbiqini izləmək baxımından həyati əhəmiyyət daşıyır. Bu məqsədlə tətbiq olunan ən vacib nəzarət mexanizmlərindən biri auditdir.
Audit – müəssisə, təşkilat və ya idarələrin maliyyə-təsərrüfat fəaliyyətinin obyektiv və peşəkar əsaslarla yoxlanılması prosesidir. Onun vasitəsilə maliyyə hesabatlarının düzgünlüyü, vəsaitlərin qanunvericiliyə uyğun və səmərəli xərclənməsi qiymətləndirilir, potensial pozuntular və risklər aşkara çıxarılır.
Valyuta.az xəbər verir ki, xüsusilə, bələdiyyələrdə auditin tətbiqi bu sahədə şəffaflıq, səmərəlilik və ictimai nəzarət mexanizmlərinin möhkəmləndirilməsinə xidmət edir. Bu məqalədə audit anlayışı, məqsədləri, növləri və bələdiyyələrdə auditin əhəmiyyəti araşdırılır, həmçinin onun qanunvericilik və inzibati idarəetmə kontekstində rolu qiymətləndirilir.
Audit bir neçə məqsədlə həyata keçirilir
İlk məqsəd şəffaflıq yaratmaqdır. Belə ki, audit maliyyə axınlarının düzgün idarə olunub-olunmadığını müəyyən etməyə imkan verir. Auditlər vasitəsi ilə ictimai və dövlət nəzarəti təmin edilir. Xüsusilə dövlət büdcəsindən vəsait alan qurumların fəaliyyətinə nəzarət edilir. Maliyyə pozuntularının qarşısını almaq üçün auditlər keçirilir. Korrupsiya və məsuliyyətsiz idarəçiliyin aşkarlanması və aradan qaldırılması üçün mühüm vasitədir. Auditlərin bir məqsədi də tövsiyələr verməkdir. Audit nəticələri əsasında idarəetmə və uçot sistemlərinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanır.
Auditin bir neçə növü var
Daxili audit müəssisənin öz daxilində aparılır və rəhbərliyə hesabat vermək məqsədi daşıyır. Xarici (müstəqil) audit kənar auditorlar tərəfindən həyata keçirilir və ictimaiyyətə və hüquqi orqanlara təqdim olunur. Məcburi audit qanunla tələb olunan və keçilməsi zəruri olan audit növüdür. Məsələn, bələdiyyələr üçün keçirilən auditlər məcburi audit hesab olunur.
Bələdiyyələrdə auditin əhəmiyyəti böyükdür. Çünki bələdiyyələr ictimai resursları idarə edən orqanlardır. Ona görə də onların fəaliyyəti şəffaf və ictimaiyyət üçün açıq olmalıdır.
Audit bu baxımdan aşağıdakı funksiyaları yerinə yetirir:
Bələdiyyə vəsaitlərinin qanuni, səmərəli və şəffaf xərclənməsini yoxlayır.
Dövlət və vətəndaşlara hesabatlılığı təmin edir.
İctimai etimadın qorunmasına və güclənməsinə kömək edir
Qeyd edək ki, auditor nəzarəti bələdiyyələrdə şəffaflıq və məsuliyyətin təmin olunmasında əsas rol oynayır. Azərbaycanda bələdiyyə auditlərinin effektivliyinin artırmaq üçün auditin tətbiqində inzibati və hüquqi mexanizmlərin gücləndirilməsi, müstəqilliyinin təmin olunması,hesabatlarının ictimaiyyətə açıq təqdim edilməsi, bələdiyyə rəhbərlərinin maliyyə savadlılığının artırılması kimi addımlar atıla bilər.
Günay