Şəkidə köhnə bağça binası xarabalığı xatırladır.
Xezerxeber.az-ın məlumatına görə, baxımsız binanın ətrafında olan kol-kos və otlar buranı it, çaqqal və ilanların məkanına çevirib.
Şəki şəhəri, Allahyar Əhmədov küçəsində 2013-cü ilədək fəaliyyət göstərmiş 6 nömrəli uşaq bağçasının bu vəziyyəti ətrafda yaşayan sakinlərin də narazılığına səbəb olub.
Sakinlər bildirirlər ki, gecələr sahibsiz binaya itlər, çaqqallar yığılır, ətrafda ilanlar görünür.
Araşdırdıq ki, bina Şəki Mənzil İstismar Sahəsinin balansındadır. 2013-cü ilin yanvar ayınadək burada 6 nömrəli uşaq bağçası fəaliyyət göstərib. Bina qəzalı olduğundan bağça başqa yerə köçürülüb, lakin binada heç bir iş aparılmayıb.
Şəki Mənzil İstismar Sahəsindən "Xəzər Xəbər"ə bildirildi ki, binanın qəzalı olması ilə bağlı aidiyyəti qurumlara müraciət edilib.
“Onlar müvafiq formada cavab verdikdən sonra tərəfimizdən binada söküntü işləri aparıla bilər”, - deyə qeyd edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.