Naxçıvan Dövlət Universitetində "Naxçıvan Qaziləri" İctimai Birliyinin təşkilatçılığı ilə şəhid İbrahim Vəlizadənin doğum günü münasibətilə onun həyatına və döyüş yoluna həsr edilmiş “Murovdan gələn səda” kitabının təqdimat mərasimi olub. Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Şəhid Ramazan Göydağlının atası Əbülfət ata Vətən müharibəsində və ondan sonrakı hərbi əməliyyatlarda canından keçən Naxçıvanın igid oğullarının qəhrəmanlıqlarından söz açıb. Qeyd edib ki, hər birinin həyatı bir əfsanəyə, dastana dönən şəhidlərimizin əziz xatirəsi daim yaşadılır. Onlar öz igidlikləri ilə tarix yazıb tarixin özünə çevrildilər. Onların qəhrəmanlıq hekayələrinin qələmə alınması vacib amildir.
Şəhid Raqib Hüseynovun anası Rəna ana bildirib ki, bu gün bir çox qələm sahibi də bu yolda əlindən gələni edir. Qələmə alınan hər sətir yaddaşlara köçürülür ki, gələcək nəsillər necə qəhrəman oğulların davamçıları olduqlarını bilsinlər.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Azərbaycan Respublikasının qalib olduğu haqq savaşında şəhidlərimizin danılmaz zəhmətindən, unudulmaz fədakarlıqlarından söz açaraq qeyd edib: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müzəffər Ordumuz Onun siyasi kursunun davamçısı cənab İlham Əliyevin komandanlığı ilə dövlət-xalq-ordu birliyi nəticəsində 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad etdi. Bununla da ərazi bütövlüyümüz təmin olundu. Bu gün artıq Vətən üçün canlarından keçən qəhrəmanların ruhu şaddır. Kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz təşəkkürümü bildirirəm. Çünki belə kitablarla bu şanlı tarix yaşayacaq və gələcək nəsillərə ötürüləcək. Belə bir tədbirin ali təhsil ocağında keçirilməsi bizim tələbələrimizə örnəkdir. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”, – deyən rektor çıxışının sonunda kitabın müəllifinə uğurlar arzu edib.
Jurnalist Ramiyə Əkbərovanın qələmə aldığı bu kitab, kitabda toplanan fotolar İbrahim Vəlizadənin xatirəsinə ehtiram və onun qəhrəmanlığının gələcək nəsillərə ən yaxşı daşıyıcısı olacaq.
Sonra kitabın müəllifi Ramiyə Əkbərova kitabı şəhidin valideynlərinə təqdim edib. Şəhid İbrahim Vəlizadənin atası Səməd Vəlizadə keçirilən tədbirin təşkil edilməsində göstərilən dəstəyə, kitabın ərsəyə gəlməsində çəkilən zəhmətlərinə görə bir sıra şəxsə fəxri fərmanları təqdim edərək öz təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin xor kollektivi və Altai teatrının hazırladığı kompozisiya təqdim olunub.
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi
Azərbaycan Jurnalistlər Birliyinin üzvü