Qərbi Azərbaycanın incəsənət və musiqi sahəsində də özünəməxsus zəngin tarixi var. Bu ənənələr bu gün də istedadlı sənət adamları tərəfindən yaşadılır və dünyaya tanıdılır. Bu uğurlar gənc və yaradıcı şəxslərin sayəsində gələcəkdə daha da geniş vüsət alacaq.
90deqiqe.Az bu dəfə Qərbi Azərbaycan İncəsənəti rubrikasında sizi istedadlı bəstəkar, beynəlxalq uğurları ilə Azərbaycanın adını ucaldan Ruhin İsmayılovla tanış edirik.
Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Hüseynquluağalı (indiki Nərimanlı) kəndindən olan Ruhin İsmayılov Nazir oğlu 19 fevral 1987-ci ildə anadan olub. Uşaqlıqdan musiqiyə böyük maraq göstərən Ruhin, 2005-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq sinfini bitirib. Elə həmin il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq ixtisasına daxil olub və xalq artisti, professor Arif Məlikovun tələbəsi olub.
Tələbəlik illərində bir sıra mühüm əsərlərə imza atan Ruhin İsmayılov 2006-cı ildə skripka üçün prelüdlər və parçalar, 2007-ci ildə sonata, 2008-ci ildə simfonik süita, 2009-cu ildə isə simfonik poema bəstələyib.
2010-cu ildə Norveçin paytaxtı Osloda keçirilən Eurovision Mahnı Müsabiqəsinin milli seçim finalının açılış musiqisinin müəllifi kimi çıxış edib. Orada “Sarı Gəlin” əsərini texno və simli kvartet üslubunda təqdim edərək böyük maraq qazanıb.
2018-ci ilin əvvəlində Türkiyədə istehsal olunmuş “Rüzgar” filminin musiqisini bəstələyən Ruhin, 2019-cu ildə Azərbaycanın milli musiqi alətlərinin – kamança, tütək, saz və balabanın – ilk dəfə olaraq Dünya Musiqi Səs Ensiklopediyasına (“Earthone”) daxil edilməsində mühüm rol oynayıb. Bu kolleksiya hazırda dünyanın tanınmış DJ və aranjimançıları tərəfindən istifadə olunur.
Eyni ildə “Relaxing Mood Chill Out Music Album” adlı instrumental albomunu təqdim edən bəstəkar, insanların gündəlik stressdən uzaqlaşmasını musiqi vasitəsilə təmin etməyi qarşısına məqsəd qoyub.
Onun uğurları beynəlxalq miqyasda da davam edib:
2007-ci ildə ABŞ-ın Tennessi ştatının Memfis şəhərində keçirilən Bethoven adına musiqi müsabiqəsində iştirak edib;
2009-cu ildə Avstraliyada qısametrajlı film festivalında “Ən yaxşı film musiqisi” nominasiyasında qalib olub;
2016-cı ildə Kann Film Festivalında iştirak edib;
“World Best Musicians Competition” (5-ci Dünya Bəstəkarları Müsabiqəsi) adlı nüfuzlu yarışda 2-ci yerə layiq görülüb;
2024–2025-ci illərdə Londonda keçirilən “Golden Time Talent” müsabiqəsinin Grand Final mərhələsində 71 ölkə arasında Grand Prix – yəni ən ali mükafatı qazanıb.
İndiyədək 8 film (1 cizgi filmi daxil olmaqla) və 5 layihəyə musiqi bəstələyən Ruhin İsmayılov, həm milli musiqimizi dünyaya tanıtmaq, həm də müasir musiqi texnologiyalarına inteqrasiya etmək sahəsində uğurla fəaliyyət göstərir.
Onun yaradıcılığı Qərbi Azərbaycanın incəsənət tarixində mühüm yer tutur və gələcək nəsillər üçün dəyərli bir örnəkdir.