AZ

Azərbaycanla saziş Ermənistanda seçkilərin taleyini müəyyən edən əsas faktor olacaq...


Ermənistanda parlament seçkilərinə bir ildən də az vaxt qalıb. Növbəti seçki 2026-cı il iyunun 7-də baş tutacaq. Artıq ölkədəki bütün siyasi qüvvələr seçki yarışına qoşulub. Baş nazir Nikol Paşinyan indiyə qədər ən fəal olub. Xüsusilə o, məxməri inqilabdan sonra vəzifəsini qoruyub saxlayan erməni elitasının sonuncu nümayəndəsi olan katolikos II Qareginin istefasını tələb edərək Erməni Apostol Kilsəsinin yaratdığı maneələri də aradan qaldırmağa çalışır.

Müxalifət isə keşişlərin tərəfini tutub. Məsələn, keçmiş prezident Serj Sarkisyanın Respublika Partiyası Paşinyanın hərəkətləri ilə Bakı arasında əlaqə olduğunu qeyd edib: “Mövcud rüsvayçı reallıq xalqın tələbi ilə yeni hökumətin formalaşdırılması zərurətini bir daha həlledici edir. Ölkəmizin və xalqımızın rifahını, milli dəyərlərin qorunmasını ön planda tutan hökumətin formalaşdırılması üçün birlik, qətiyyət və fəaliyyətin vaxtı çatıb”.

Bundan əlavə, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan II Qareginlə görüşüb və onu dəstəkləyəcəyinə əmin edib. Eyni zamanda o, “1700 illik kilsəyə Ermənistan hakimiyyətinin anti-konstitusion təcavüzlərini” qəti şəkildə pisləyib. Nikol Paşinyan bununla bağlı qeyd edib: “Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçkilərin saxtalaşdırılması praktikasının banisidir və o, təbii ki, özü kimi xalqa nifrət edən saxtakarı dəstəkləməlidir”. Bu arada Paşinyan siyasi karyerasına Ter-Petrosyanın tərəfdarı kimi başlayıb. O, hətta Levon Ter-Petrosyanın varisi olmağa ümid edirdi və 2008-ci il prezident seçkilərində onun təşviqat qərargahına rəhbərlik edirdi. Həmin vaxt Paşinyan “1 mart işi”ndə həbs olunub. Kütləvi iğtişaşların təşkili ittihamı ilə bir il həbsdə olan və birinci prezidentdən dəstək almayan Paşinyan hakimiyyətə təkbaşına getmək qərarına gəlib. Kilsə münaqişəsi ilə paralel olaraq Ermənistan hökumətinin başçısı Azərbaycana yaxınlaşaraq siyasi xal qazanmağa cəhd etməkdə davam edir. Paşinyan Ermənistan tarixində ilk dəfə olaraq Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib: “Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram”. Ekspertlər əslində ikitərəfli danışıqlar nəticəsində artıq müəyyən irəliləyişlərin olduğunu bildirir. Bu, Paşinyan üçün də müstəsna önəm kəsb edir. Artıq Ermənistan Azərbaycanla sərhədin bir hissəsinin təsdiqinə və sülh müqaviləsinin mətni ilə bağlı razılaşmaya nail olub. Bundan başqa, iyunun 6-na keçən gecə Ermənistanın Sünik rayonunda iki azyaşlı Azərbaycan ərazisinə keçib. Qonşuları ilə düşmənçiliyə öyrəşmiş erməni ictimaiyyəti dərhal ən pis iddialr irəli sürüb. Iddia edilib ki, uşaqları oğurlanıb, Azərbaycanda girov saxlanır. Amma Azərbaycan bunlarınhamısının yalan olduğunu sübuta yetridi. Ermənistan hakimiyyəti ilə təmaslar fonunda uşaqlar heç bir şərt qoyulmadan evlərinə qaytarıldı. Bu, həm də Paşinyan üçün mühüm bir hadisə ldu. Onun Azərbaycanla sülh məsələsənin vacibliyi tezislərini bir qədərə də gücləndirdi. Ermənistanda yerləşən Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan hesab edir ki, parlament seçkiləri ərəfəsində Paşinyan iki əsas şüarı irəli sürəcək: keçmiş hakimiyyətdən hər şeyi geri almaq və Ermənistanın suverenliyini Rusiyadan qorumaq: “O, ermənilərin Azərbaycanla müharibə qorxusunu da vurğulayacaq. Eyni zamanda qeyd etmək lazımdır ki, hakimiyyətin etibar reytinqi çox aşağıdır. Hətta hakimiyyətlə sıx əlaqədə olan qərbyönlü spoyler partiyaların köməyi ilə belə Paşinyan hakimiyyətini saxlaya biləcəyinə dair ciddi şübhələr var. Məsələn, Gümrüdə onun “Mülki müqaviləsi” inzibati resurs və bütün mümkün cəhdlərə baxmayaraq, uduzub. Respublika səviyyəsində seçki baryerini aşan bir neçə müxalifət qüvvəsi ümumilikdə Paşinyanın partiyasından daha çox səs qazanacaq”. Ekspert qeyd edib ki, hər zaman Paşinyana qarşı çıxan vətənpərvər müxalifətlə yanaşı, korrupsiya qalmaqalları, Paşinyanın hakimiyyətdə olduğu illərdə dövlət borcunun kəskin artması fonunda ölkədə sosial-iqtisadi vəziyyətin kifayət qədər yaxşılaşmaması səbəbindən ondan məyus olan seçicilər də var. Öz növbəsində, Qafqaz İnstitutunun elmi işçisi Qrant Mikaelyan müxalifətin parlament seçkilərində qalib gələ biləcəyinə şübhə ilə yanaşır: “Məncə, biz seçkilərin təkrarını Gümrüdə yox, “Mülki müqavilə”nin spoylerlə koalisiya yarada bildiyi İrəvanda görəcəyik. Bu dəfə “Respublika” partiyasə bu rola iddia edə bilər. Üstəlik, Paşinyanın mövqeyi kifayət qədər sabitdir, çünki “Mülki müqavilə”nin reytinqinin hazırkı həddən aşağı düşəcəyi ehtimalı azdır”. Müxalifətin isə əksinə, təkcə indiki populyarlığı ilə deyil, bu kəsimin nüfuzunu qaldıra biləcək liderlərlə də ciddi problemləri var. Mikaelyan bildirir: “Müxalifət daxili münaqişələrdən parçalanıb, onun heç bir strateji gündəmi yoxdur... Bundan başqa, Gümrüdə müxalifətin seçicilərin səsini ələ keçirə bilən bir neçə güclü lideri var idi. Milli səviyyədə belə siyasətçilər yoxdur və onların bir ildən sonra meydana çıxması ehtimalı azdır”.

Nahid SALAYEV

Seçilən
96
baki-xeber.com

1Mənbələr