AZ

Xarici ifaçılar IV Bakı Piano Festivalı barədə: Burada iştirak bizim üçün möhtəşəm təcrübə olacaq

Bakı, 10 iyun, Anara Axundova, AZƏRTAC

IV Bakı Piano Festivalı 14–28 iyun tarixlərində Bakıda keçiriləcək. Festival çərçivəsində müxtəlif ölkələrdən tanınmış musiqiçilər konsert proqramı ilə çıxış edəcəklər. Xarici ifaçılar festivaldan gözləntilərini AZƏRTAC-la bölüşüblər.

Altera Ensemble (Türkiyə):

– Bakı Piano Festivalında iştirak bizim üçün musiqi və mədəniyyət baxımından möhtəşəm təcrübə olacaq. Festivallar müxtəlif ölkələrdən musiqiçiləri bir araya gətirir, mədəni dialoq və qarşılıqlı əlaqə üçün zəmin yaradır. Bu təkcə musiqini dinləmək deyil, eyni zamanda fərqli mədəniyyətlərlə tanış olmaq və onları hiss etmək imkanıdır. Azərbaycana səfərimiz zamanı beynəlxalq çıxışlara baxacaq, Azərbaycanın zəngin musiqi və mədəni irsi ilə tanış olacağıq. Bu qarşılıqlı təmas səfərimizi unudulmaz edəcək.

Ryuya Taner (Şimali Kipr):

– Bu, yəqin ki, Azərbaycana yeddinci səfərim olacaq. İlk dəfə bura 1992-ci ildə gəlmişdim. Bakı Piano Festivalında iştirak edəcəyim üçün çox şadam. Ümid edirəm ki, çoxlu tamaşaçı olacaq və biz birlikdə musiqidən zövq alacağıq. Səhnədə yaradıcılığımı azərbaycanlı tamaşaçılarla bölüşəcəyim anı səbirsizliklə gözləyirəm.

Lela Kaploviç (Xorvatiya):

– Festivaldan çox gözəl təəssüratlar gözləyirəm. Digər ifaçılarla görüşmək və öz kompozisiyalarımı yeni auditoriyaya təqdim etmək gözəl təcrübədir. Bu, Azərbaycana ilk səfərim olacaq. Səyahət etməyi və yeni mədəniyyətlərlə tanış olmağı sevirəm. Ona görə də Bakıya səfəri səbirsizliklə gözləyirəm. Səfərim qısa olacaq və hiss edirəm ki, bu sanki "tizer" olacaq və buraya mütləq yenidən və daha uzunmüddətli gəlmək lazımdır.

Liz Rosa (Braziliya):

– Yeni ölkə və auditoriya ilə tanışlıq mənim üçün həmişə həyəcanverici hadisə olub. Festivallar mədəni mübadilə üçün əla fürsətdir. Azərbaycana gələcəyim, yerli musiqiçilərlə, musiqi ilə tanış olacağım, digər xarici ifaçılarla görüşəcəyim üçün çox şadam. Bu, Azərbaycana ilk səfərim olacaq və çox həyəcanlıyam. Ölkədə bir neçə gün qalacağam, amma istərdim ki, daha uzun müddət burada olum. Mədəniyyəti araşdırmaq, Bakının İçərişəhərini görmək, milli yeməkləri dadmaq, insanları daha yaxından tanımaq istərdim. Hətta bir neçə gün qalmaq belə mənim üçün böyük zövqdür. Festivalın bağlanış mərasimində çıxış etmək mənim üçün böyük şərəfdir.

İki həftə ərzində Bakı sakinlərini və şəhər qonaqlarını geniş konsert proqramı gözləyir. Bakı Piano Festivalı çərçivəsində müxtəlif janrlarda musiqi ilə yanaşı, incəsənət tədbirləri, sərgilər, teatr tamaşası, ədəbiyyat müsabiqəsi və caz improvizasiya gecələri (jam session) də təşkil olunacaq.

Festivalın xüsusi fəxri isə gənc istedadların iştirakı ilə keçiriləcək "We Are the Future" adlı konsert olacaq.

Seçilən
42
1
azertag.az

2Mənbələr