BAKI, TurkicWorld
Almaniyada vətəndaşlığa qəbul sayında tarixdə ilk dəfə rekord qeydə alınıb.
TurkicWorld xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) yaydığı məlumata görə, 2024-cü ildə ölkədə 291 955 nəfər vətəndaşlığa qəbul edilib.
Bu göstərici əvvəlki illə müqayisədə 91 min 860 nəfər çoxdur və 2000-ci ildən bəri aparılan rəsmi statistikada ən yüksək nəticədir.
Destatis-in məlumatına əsasən, vətəndaşlığa qəbul prosesindəki bu artım 2024-cü ildə qüvvəyə minən yeni Vətəndaşlıq Qanununun nəticəsi olaraq dəyərləndirilir. Həmin qanun iyunun 27-də qüvvəyə minib və əcnəbilərin Alman vətəndaşlığına keçməsini asanlaşdırıb.
2024-cü ildə vətəndaşlıq əldə edənlər arasında Suriyalılar 83 min 150 nəfərlə ilk sırada yer alıb. Onları 22 min 525 nəfərlə türklər, 13 min 545 nəfərlə iraqlılar, 12 min 980 nəfərlə ruslar və 10 min 085 nəfərlə əfqanlar izləyib.
Xüsusilə rus vətəndaşlarının vətəndaşlığa qəbulunda nəzərəçarpacaq artım müşahidə olunub — 2023-cü ildə bu göstərici cəmi 1 995 nəfər olduğu halda, 2024-cü ildə 12 min 980 nəfərə çatıb. Türkiyə vətəndaşları arasında da vətəndaşlıq alanların sayı iki dəfədən çox artıb.
Yeni qanunla vətəndaşlıq almaq üçün tələb olunan yaşayış müddəti 8 ildən 5 ilə endirilib, müəyyən şərtləri ödəyənlər üçün bu müddət 3 ilə qədər azaldılıb. Bundan başqa, artıq Almaniya vətəndaşlığını əldə etmək üçün əvvəlki vətəndaşlıqdan imtina etməyə ehtiyac qalmayıb. Almaniyada doğulan uşaqlara isə valideynlərindən biri ölkədə 5 il qanuni yaşayıbsa, avtomatik vətəndaşlıq almaq hüququ tanınır.