BAKI, 10 iyun. TELEQRAF
"Rəqibə hörmətlə yanaşırdıq. Oyuna diktə etməyə çalışdıq. Matçın əvvəlində istədiyimizə nail olduq".
Teleqraf xəbər verir ki, bunu Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Bakıda Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.
61 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisi də kifayət qədər şans əldə edib: "Gileylənməyə dəyməz. Statistika da bizim tərəfdə idi, şanslarımız da var idi. Oyunun sonlarında rəqibin qol vəziyyətləri oldu".
İtaliyalı baş məşqçi Azərbaycan millisinin qolunda əllə oyunun olduğunu bildirib: "Həmin vaxt görmədim, oyundan sonra baxdıq. Bəli, orada qol var idi".
Rossi komandasının çıxışından razılıq ifadə edib: "Yaxşı oynadıq, kifayət qədər epizodlar yaratdıq, oyunu nəzarətdə saxladıq. Yeganə olaraq, son 10 dəqiqədə çaş-başlığı, rəqibə fərqlənmək üçün epizodlar verməyimizi qeyd edərdim".
Baş məşqçi Azərbaycan millisindən Mahir Emrelini xüsusi fərqləndirib: "Təsadüfi deyil ki, "Nürnberq"də çıxış edir. Texnikalı oyunçudur. İlk oyunumuz yadıma gəlir, 3:1 hesabı ilə qalib gəlmişdik, çətin matç alınmışdı. Digərləri də asan keçmədi. Azərbaycan millisi texniki cəhətdən geri qala bilər, amma çox yaxşı təşkil olunmuş komandadır. Bizə qarşı hər 3 oyunda yaxşı təsir bağışladı".