Almaniyanın “Bavariya” klubu yay transfer dönəmində heyətinə sol cinah vingeri qatmaq niyyətindədir.
90deqiqe.Az-ın "Sky Sports"a istinadən yaydığı məlumata görə, baş məşqçi Vinsent Kompani rəhbərliyindəki Münhen təmsilçisi hazırda iki oyunçu arasında seçim edir. Namizədlər İspaniyanın “Atletik” (Bilbao) klubunun üzvü Niko Uilyams və PSJ-nin gənc futbolçusu Bredli Barkoladır.
Mənbə bildirir ki, Niko Uilyamsın müqaviləsində təxminən 55 milyon avro məbləğində sərbəstqalma maddəsi yer alıb. Lakin bu məbləğə agent haqları və futbolçunun maaşı da əlavə olunduqda, transfer “Bavariya” üçün kifayət qədər baha başa gələ bilər.
Digər tərəfdən, Bredli Barkola PSJ-də əsas heyətin sabit üzvü sayılmır. Bu səbəbdən fransalı futbolçunun yayda klubdan ayrılması real variant kimi qiymətləndirilir.
Hələlik “Bavariya” rəhbərliyi hansı futbolçunun transferini prioritet hesab etdiyini müəyyən etməyib. Qərarın yaxın günlərdə verilməsi gözlənilir.