AZ

Fernando Santos yenə razı qaldı: “Yorğunluq vardı”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos Macarıstan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, bu gün Mərdəkandakı “Dalğa Arena”da macarlarla üz-üzə gələn millimiz meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.

Fernando Santos qarşılaşmadan sonra təşkil olunmuş mətbuat konfransında məğlubiyyətə belə aydınlıq gətirib:

“Oyuna yaxşı başlamadıq, erkən qol buraxdıq. Sonra bərabərlik qolu vurduq. Daha sonra balanslı oyun getdi. Rəqib çox yaxşı, keyfiyyətli oyunçulardan ibarətdir. Topa tez-tez sahib çıxırdılar. Oyunçuları sonadək inandırmağa çalışdım ki, bərabərliyi təmin edə bilərlər. Lakin yorğunluq var idi. Buna görə oyunçuları dəyişdik. Əlbəttə, mənim qərarım idi ki, irəli getsinlər. Oyunun sonlarında azı 3 qol epizodumuz var idi ki, fərqlənə bilərdik”.

Fernando Santos komandasından razı qaldığını ifadə edib: “Kapitan Emin Mahmudovu fərqli mövqedə sınadıq. Onun 6 nömrə mövqeyində daha yaxşı çıxış etdiyini düşünürəm. Ümumilikdə, son 2 oyunda futbolçularımdan razı qaldım. Deyərdim ki, daha da yaxşı çıxış edə bilərik. Bu toplanışa baxanda nələr üzərində işləməliyiksə, onlar üzərində işləməyə çalışdıq. Deyərdim ki, pis alınmadı. Əlbəttə, çatışmayan cəhətlər də var. Bu toplanışda oyunçular yaxşı çıxış etdilər. Fərqli oyunçu seçimləri rəqibdən asılı olub. Lazımi anda bəzi oyunçulara istirahət üçün vaxt vermək lazımdır. Media önündə oyunçuları heç vaxt tənqid etməmişəm və etməyəcəyəm. Bu, elə bir məsələdir ki, oyunçularla danışılmalıdır”.

Macarıstan yığmasının baş məşqçisi Marko Rossi isə oyundan sonra keçirilmiş mətbuat konfransında bunları dilə gətirib:

“Rəqibə hörmətlə yanaşırdıq. Qələbə qazanmaq istəyirdik. Lazım olan nəticəni əldə etdik. Azərbaycan millisinin qol vurmaq üçün şansları var idi. Qarşılaşmanın sonlarında rəqibin bəxti gətirsəydi, oyun heç-heçə başa çatardı”.

O, Azərbaycan millisinin heyətində Mahir Emrelinin çıxışını fərqləndirib:

“Bu gün Mahir Emreli taktiki cəhətdən özünü yaxşı tərəfdən göstərdi. Təsadüfi deyil ki, Mahir son olaraq İkinci Bundesliqada top qovub. Azərbaycan millisinin heyətində digər oyunçular da özlərini sübut etməyə çalışırdılar. Lakin açıq danışsaq, yığmanızın bugünkü oyununu yüksək qiymətləndirmək olmaz”.

Seçilən
27
arena.az

1Mənbələr