AZ

Rayan Şerki və Markus Bettinelli “Mançester Siti”də - Rəsmi

Fransa millisinin və Lion “Olimpik”inin hücumameyilli yarımmüdafiəçisi Rayan Şerki bundan sonra “Mançester Siti”nin formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Şəhərlilər” “Olimpik”in yetirməsini 36,5 milyon avro müqabilində heyətə cəlb ediblər. 21 yaşlı sağ vinger yeni klubu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

Xatırladaq ki, Rayan Şerki Lion “Olimpik”inin öz yetirməsidir. 21 yaşlı sağ vinger 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, bu komandada keçirdiyi 6 mövsüm ərzində 185 oyuna çıxıb, 29 qola imza atıb, 45 məhsuldar ötürmə müəllifi olub.

Şerki Fransanın U-16, U-19, U-21 və U-23 və Olimpiya yığmalarında forma geyinib. O, bu il əsas millidə də debüt edib və meydana çıxdığı 2 oyunda 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

“Mançester Siti” yeni qapıçı da transfer edib. Sözügedən klub Premyer Liqanın digər təmsilçisi “Çelsi”dən Markus Bettinellini heyətinə qatıb. 33 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Əslən İtaliyadan olan ingiltərəli qolkiper 2021-ci ildən “Çelsi”nin üzvü idi. O, bu müddətdə “zadəganlar”ın heyətində cəmi 1 rəsmi oyunda meydana çıxıb. Peşəkar karyerasına “Fulhem”də başlamış Bettinelli “Datford”, “Akkrinqton”, “Midlsbro” kimi klubların da formasını geyinib, İngiltərənin U-21 yığmasında oynayıb.

“Transfermarkt” internet-portalı 33 yaşlı qapıçının transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.

Seçilən
107
arena.az

1Mənbələr