AZ

İsrail SOCAR-ın “Tamar” qaz layihəsində iştirakını təsdiqləyib

İsrailin Energetika Nazirliyi Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın Aralıq dənizində yerləşən “Tamar” qaz yatağı layihəsində pay sahibi kimi iştirakını təsdiqləyib. Bu barədə nazirlik məlumat yayıb.

SOCAR layihədəki 10%-lik payı israilli iş adamı Aharon Gover Frenkeldən satın alıb.

İsrail mənbələrinin məlumatına görə, sövdələşmənin dəyəri təxminən 1 milyard ABŞ dolları olub.

Təxminən Hayfa sahilindən 90 km məsafədə yerləşən “Tamar” yatağı 2009-cu ildə kəşf edilib.

NSAI şirkətinin hesablamalarına əsasən, yatağın hasil oluna bilən qaz ehtiyatları 13,7 trilyon kub fut (təxminən 380 milyard kubmetr) təşkil edir.

Sənaye qaz hasilatına isə 2013-cü ildən başlanılıb.

Hazırda “Tamar” yatağında ildə orta hesabla 10 milyard kubmetr qaz hasil olunur.

İsrail rəsmilərinin məlumatına görə, hasilatın üç il ərzində 15 milyard kubmetrə qədər artırılması planlaşdırılır. Layihənin lisenziyası 2038-ci ilə qədər qüvvədədir və 2047-ci ilə qədər uzadıla bilər.

Layihənin operatoru 25% payla ABŞ-ın Chevron şirkətidir.

Digər iştirakçılar arasında İsrailin Isramco (28,75%), Tamar Petroleum (16,75%), BƏƏ-nin Mubadala Energy (11%), Dor Gas (4%) və Everest (3,5%) şirkətləri var.

“Tamar” yatağından çıxarılan qaz İsrailin daxili tələbatı ilə yanaşı, Avropaya ixrac edilir.

N.Təbrizli

Seçilən
43
anews.az

1Mənbələr