Sahil Kərimli: “Paşinyana etimadsızlıq prosesinin xarici qüvvələr tərəfindən idarə olunduğu şübhəsizdir”
Ermənistanın siyasi sferasında baş nazir Nikol Paşinyana qarşı mübarizə günü-gündən güclənir. Artıq Paşinyana etimadsızlıq prosesi başladılıb.
“Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarı Edqar Kazaryan Nikol Paşinyana etimadsızlıq prosesinin uğurla başa çatacağına əmin olduğunu deyib: “2025-ci il iyunun 9-na olan məlumata görə, Nikol Paşinyan Milli Assambleyanın 71 deputatının etimadını qazanıb. Bir neçə ay əvvəl bu rəqəm 107 idi, sonra 105, şənbə günü 99, indi isə artıq 71-dir.
Say sadəcə azalmır, sürətlə azalır. Məhz 18 deputatın ağlabatan qərarı sayəsində - Konstitusiya və qanun çərçivəsində biz istədiyimiz nəticəni əldə edəcəyik”.
O, öz sosial şəbəkə hesabında yazıb ki, impiçment olacaq. “Nikol Paşinyan konstitusiya yolu ilə, dinc yolla, zorakılıq olmadan kənarlaşdırılacaq. Bir ay əvvəl indiki reallığa heç kim inanmırdı. Bəziləri hələ də yaxın gələcəkdə baş verəcəklərə inanmır"-deyə o bildirib.
“Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan Yerkir.am-a müsahibəsində daxili siyasi prosesləri şərh edib və məlumatı təsdiqləyib: “Biz qeyd edirik ki, RPA icra orqanının çağırışı ilə “Mənim Şərəfim Var” fraksiyası David Hambardzumyanın namizədliyini irəli sürüb və bu addıma görə siyasi məsuliyyəti öz üzərinə götürərək impiçment prosesini başlatmaq niyyətini bəyan edib”.
Ohanyan qeyd edib ki, Ermənistan fraksiyası əvvəlki mövqeyinə sadiq qalır və “Milli Assambleyada impiçment prosesinin başlaması üçün ağlabatan müddət ərzində 28 deputat imzasını təqdim etməyə hazır olduğunu təsdiqləyir”.
O, həmçinin əlavə edib ki, “Mənim Şərəfim Var” fraksiyasından olan həmkarları ilə gələcək müzakirələrə hazırdır.
Bunlar niyə belə əmindirlər ki, Paşinyanı impiçmentlə devirəcəklər?
Bunlar impiçmentə bərk hazırlaşırlar. Ehtimal ola bilərmi ki, Kremldən bunlara nəsə deyilib, göstəriş verilib? Bu işdə Kremlin əli ola bilərmi?
“...Burda Rusiya izi mövcuddur”
Siyasi ekspert Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, hazırda Ermənistanda baş verən proseslər, vəziyyətin günü-gündən gərginləşdirilməsi Ermənistan daxilində və bölgəmizdə çox ciddi proseslərin getdiyini göstərir: “Ermənistanda revanşist və radikal qüvvələrin yenidən fəallaşması, eyni zamanda da Paşinyanla kilsə, din xadimləri arasında baş verən problemlər, gərginlik təkcə Ermənistanın daxilindən yox, həm də xaricdən idarə olunur, dəstəklənir. Paşinyana etimadsızlıq prosesinin xarici qüvvələr tərəfindən idarə olunduğu şübhəsizdir. Xüsusən də Avropanın, Qərbin, eyni zamanda da Rusiyanın maraqlarının kəsişdiyi bir proses baş verir”.
S.Kərimli təəssüf hissi ilə vurğuladı ki, bu prosesin sonunda yenə də Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün çox ciddi zərbələr, maneələr yaranır. “Xüsusilə də Ermənistanın baş nazirinin impiçmenti ilə bağlı ortaya atılmış məsələlər, Paşinyanın istefasını tələb edən qüvvələr, eyni zamanda da bu qüvvələrin tez-tez etiraz aksiyaları keçirməsi, əzələ nümayiş etdirməsi də ciddi məqamlardan xəbər verir. Ümumiyyətlə, son günlər Ermənistanda gedən bu proseslərə, yəni Paşinyanın impiçmenti ilə bağlı məsələyə Ermənistanın keçmiş rəhbərliyinin, bəzi siyasilərin, radikal qruplaşmaların da qoşulması, bu cür rəylər səsləndirməsi də ciddi suallar doğurur. Çünki Rusiyapərəstliyi, Rusiya yönümlülüyü ilə tanınan Sarkisyan, Köçəryan, Ohanyan və digər bu kimi qaniçənlər, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdənlər, təbiidir ki, bu gün Paşinyanı istefaya çağırmaqla yenidən vəziyyəti alovlandırmağa çalışırlar. Bu çağrışlardan da aydın görünür ki, burda Rusiya izi mövcuddur”.
S.Kərimlinin qeyd etdiyinə görə, bu qüvvələrin Paşinyanı hakimiyyətdən devirmək, yaxud qarşıdakı seçkilərdə məğlub duruma salmaq istəməsi və bundan istifadə edərək özlərinin yenidən hakimiyyətə gəlmə arzusu bundan xəbər verir ki, həmin dairələr konkret olaraq yenə də müxtəlif dairələr tərəfindən ortaya atılıblar. S.Kərimli hesab edir ki, məqsəd yenidən bölgədə vəziyyəti gərginləşməkdir ki, onlar buna çalışır.
İradə SARIYEVA