Azərbaycan çempionu “Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Yassin Benzya Əlcəzair yığmasının heyətində növbəti oyuna çıxıb.
Arena.az xəbər verir ki, Əlcəzair millisi yoxlama oyunu çərçivəsində İsveç yığması ilə qarşılaşıb.
Solna şəhərində keçirilmiş qarşılaşmaya Yassin ehtiyatda başlayıb. Baş məşqçi Benzyaya hesab 0:4 olarkən, 60-cı dəqiqədə şans verib. O, meydana daxil olduqdan 4 dəqiqə sonra İsmael Bennaserə məhsuldar ötürmə verib, 11 dəqiqə sonra isə özü fərqlənib. Son dəqiqədə Əlcəzair yığması daha bir qol vursa da, məğlubiyyətdən qurtula bilməyib – 3:4.
Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinir. Hücumameyilli yarımmüdafiəçi indiyə qədər Ağdam klubunun heyətində 104 oyuna çıxıb, 28 qol vurub, 25 məhsuldar ötürmə müəllifi olub. Yassinin Azərbaycan çempionu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Təcrübəli oyunçunun bu yay komandanı tərk etməsi gözlənilir. O, mətbuata açıqlamasında komandadan getməyə hazırlaşdığını etiraf etmişdi.
Benzya karyerası ərzində “Lill”, “Olimpik” (Lion), “Dijon”, “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” kimi klublarda da forma geyinib.
30 yaşlı yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasında 15 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.