İsrail ordusunun Qəzza zolağına endirdiyi son hücumlar növbəti dəfə faciə ilə nəticələnib. AzPost xəbər verir ki, iyunun 10-da gecə saatlarında həyata keçirilən hava və artilleriya zərbələri zamanı 70-dən çox fələstinli həyatını itirib.
Qətərin “Al Jazeera” telekanalı bölgədəki mənbələrə istinadla bildirib ki, zərbələr əsasən mülki yaşayış sahələrini və humanitar yardım növbələrini hədəf alıb. Ən ağır hadisə Nəsarim keçid məntəqəsi yaxınlığında baş verib.
Burada ərzaq yardımı almaq üçün toplaşan vətəndaşların üzərinə atəş açılıb. Nəticədə azı 20 nəfər hadisə yerində həlak olub, bir çoxu isə ağır yaralanıb.
Şahidlər hücum anında ərazidə dəhşətli mənzərənin yaşandığını bildiriblər. Yaralıların sayı dəqiqləşdirilməsə də, Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanalar xeyli sayda ağır vəziyyətdə olan insanla doludur.
Bölgədəki humanitar böhran getdikcə dərinləşir. Beynəlxalq təşkilatlar isə İsrailin bu hücumlarını mülki əhaliyə qarşı zorakılıq kimi qiymətləndirib və dərhal atəşkəsə çağırış ediblər.
Hazırda Qəzzada təhlükəsizlik vəziyyəti son dərəcə gərgindir. Yerli mənbələr yeni hücumların ola biləcəyi barədə xəbərdarlıqlar edirlər. İsrail ordusu isə əməliyyatların davam etdiyini açıqlayıb.