Texnologiyanın inkişafı ilə həyatımıza daxil olan oyunlar xüsusilə uşaq və yeniyetmələrin marağını daha çox çəkir. Bu oyunların bir çoxunun müharibə, silah və şiddət anlayışını aşıladığı açıq şəkildə görünür. Bir neçə il öncəyə qədər “Mavi balina” oyunu demək olar ki, bütün dünyanı qorxu altına almışdı. Oyun birbaşa fərdə yönəlmiş bir oyun idi: şəxs oyun qurucuları tərəfindən verilən tapşırıqları yerinə yetirməyə məcbur edilirdi. Oyunçulardan 50 gündə 50 əmri yerinə yetirmələrinin istənildiyi oyunda, “gecənin bir aləmində oyan” və ya "qorxu filmi izlə” kimi başlanğıcda zərərsiz görünən əmrlər verilirdi.
Əmrlər gün keçdikcə daha şiddətli hal alır və oyunçunu psixoloji təzyiqə məruz qoyurdu. Oyunçu tələbi yerinə yetirmədiyi təqdirdə ailə üzvlərindən birini öldürməklə hədələnir, əgər o, bu tapşırığı rədd edərsə, intihara sürüklənirdi.
“Mavi balina” oyunu illər ərzində bir çox ölkədə aktual mövzuya çevrilmişdi. Oyun ilk dəfə 2013-cü ildə VKontakte sosial şəbəkəsi vasitəsilə yayılmış, ilk intihar 2015-ci ildə baş vermişdi. Rusiyada yaranan oyun Ukrayna, Hindistan, ABŞ, Türkiyə və bir çox ölkədə neçə-neçə yeniyetmənin intiharı ilə nəticələnmişdi. Təəssüf ki, Azərbaycan yeniyetmələri də bu bəladan yaxa qurtara bilməmişdilər. Təkcə 2017-2019-cu illər ərzində Bakı, Şəki, Şamaxı, Ağdaş, Tovuz rayonlarında 14-16 yaş arası yeniyetmələr “Mavi balina” oynayıb və oyunun təsiri altında həyatına son qoymuşdular.
Amma görünən odur ki, şimaldan gələn oyun təhlükələri bitmək bilmir, sadəcə ad dəyişir. İndi də “Куклы в гробах” (Tabutdakı kuklalar) yayılmağa başlayıb. Azərbaycanda açıq şəkildə oyuncaq mağazalarında satılmasa da, internet üzərindən sifariş etmək mümkündür. Oyuncaqların üzərində 4+ yazılsa da, bu nəinki 5-10 yaşlı uşaqları elə böyükləri də öz mənfi təsiri altında qoya bilər.
Tabutdakı kuklalar Azərbaycan üçün yenilik deyil
Yeri gəlmişkən, kuklalar və onları ayrıca satılan tabutları əslində bizim üçün yenilik deyil. Hələ 1987-ci ildə şair Vaqif Səmədoğlunun ssenarisi əsasında çəkilmiş “Yaşıl eynəkli adam” teletamaşasında Məbud Məhərrəmovun oynadığı kuklaçı Qərib obrazı oyuncaq tabutlar düzəldib satışa çıxarmağı düşünürdü. O dövrün insanı üçün qəribə səslənsə də, göründüyü kimi günümüzün texnologiyadan zəhərlənmiş insanını artıq heç nəylə təəccübləndirmək mümkün deyil.
Mütəxəssislər əminliklə bildirirlər ki, “Tabutdakı kuklalar”, cürbəcür monstrlar real-virtual oyuncaq bazarını həmişəlik tərk etməlidir. Çünki asılılıq yaradır. Nəticədə uşaqlarda özünəqapanma, istəksizlik, iştahasızlıq, qorxu, hərəkətlərində dəyişiklik müşahidə edilir.
İstehsalçılar uşaqların maraqları ilə oynayırlar
Psixoloq Şəfəq Talıblı deyir ki, ölüm mövzusu həmişə uşaqları cəlb edir. Amma buna böyüklər kimi yanaşmırlar:
“Uşaqlar üçün bu, faciə deyil, mistik bir hadisədir. Ölümlə bağlı valideynlərinə çoxlu suallar verirlər, nələrisə aydınlaşdırmaq, təsəvvürlərində canlandırmaq istəyirlər. İstehsalçılar uşaq psixilogiyasının dərinliklərinə yaxşı bələddirlər. Onlar uşaqların bu maraqları ilə oynayırlar. Təəssüf ki, bəzi valideynlər bunun nəyə səbəb ola biləcəyini başa düşmədən, düşünmədən satın alırlar. Uşaqlarına tabut hədiyyə edən valideynin özünün psixoloji durumunu təsvir etməkdə acizəm”.
Psixoloq hesab edir ki, oyun gələcək yetkin həyat üçün bir təlimdir:
“Qız uşaqları içində körpə olan kiçik uşaq arabaları gəzdirirlər. Bu, qeyri-ixtiyari baş verən bir prosesdir və onları gələcək analığa hazırlayır. “Xəstəxana” və ya “Mağaza” oyunlarında kimsə həkim və ya xəstə, yaxud satıcı-alıcı rolunu oynayır. Bəs tabutdan, onun içinə kukla-cəsəd qoymaqdan nə öyrənə bilər? Bu intihara, ən azından ağır depressiyaya təşviq deyilmi? Mən qəti əminəm: əgər uşaqlara rəngi avazımış, qorxunc görünüşlü ölü kuklalar alınıbsa, deməli bu ailənin münasibətlərindfə problem var!”
Qeyd edək ki, 2020-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi qüvvəyə minib. Qnuna əsasən, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı; cinayətləri. uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar pornoqrafik xarakterli, qorxu məzmunlu informasiyalar aiddir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.
Şəfiqə Şəfa, Bizim Media