Amerikalı iş adamı Corc Soros Texas ştatında demokratları gücləndirmək üçün hərəkətə keçib.
Hafta.az-ın “The Wall Street Journal”a istinadən yazdığına görə, Soros Respublikaçıların əlində olan ştatda demokratları gücləndirmək üçün "Mavi Texas" hərəkatına sərmayə qoyub.
Bildirilir ki, Budapeşt əsilli iş adamı ötən il hərəkata 2,1 milyon dollar bağışlayıb, bu ilin aprelində isə 1 milyon dollar vəsait ayırıb.
Təşəbbüsün 2024-cü il seçki kampaniyası zamanı 35 milyon dollar xərclədiyi bildirilir və qarşıdan gələn seçkilərdə bu rəqəmin aşılacağı proqnozlaşdırılır.
“Mavi Texas” hərəkatı qısa müddətdə seçici fəallığını və 2026-cı ildə keçiriləcək aralıq seçkilərdə namizədlərin cəlb edilməsini artırmağı hədəfləyir.
Uzunmüddətli perspektivdə məqsəd Demokratlar Partiyasının 2032-ci ilə qədər Texasda Respublikaçılara meydan oxumaq üçün siyasi rəqabət qabiliyyətini əldə etməkdir. Bu çərçivədə bu aydan etibarən 20-dən çox şəhərdə könüllülərin səfərbərliyi, namizəd seçimi və müxtəlif aksiyaların keçirilməsi planlaşdırılır.
Demokratlar 1994-cü ildən bəri Texasda ştat miqyasında qələbə qazana bilməyiblər.Son seçkilərdə ABŞ prezidenti Donald Tramp və respublikaçılar demokratları böyük fərqlə məğlub ediblər.
Sorosun dəstəklədiyi təşəbbüs xüsusilə 2026-cı il aralıq seçkilərində Demokrat Kolin Allredi Senata gətirmək məqsədi daşıyır. Allredin Respublikaçı rəqibi, Texas Baş prokuroru Ken Pakston üzərində qələbə qazanması üçün intensiv kampaniya planlaşdırılır.
Araşdırmalar Kaliforniya və Nyu-York kimi ştatlarda əhalinin sayının azalması və Texasda yaşayanların sayının artması ilə əlaqədar olaraq cənub əyalətinin Demokratların gələcək seçki strategiyası üçün çox vacib hala gəldiyinə diqqət çəkir.
“Mavi Texas” təşəbbüsünün qabaqcıllarından biri olan Texas Majority PAC-ın direktor müavini Katerin Fişer deyir: "Texasda və ya ölkədə 2032-ci ildən sonra Ağ Evdə Demokrat görmək istəyənlər üçün bütün yollar Texasdan keçir".