BAKI, TurkicWorld
Los-Ancelesdə qeyri-qanuni miqrantlara dəstək aksiyaları zamanı baş verən hadisələrlə əlaqədar komendant saatı elan olunub.
TurkicWorld xəbər verir ki, Los-Ancelesin meri Karen Bass şəhər mərkəzində artan gərginlik fonunda yerli vaxtla saat 20:00-dan səhər saat 06:00-a qədər komendant saatı tətbiq edildiyini açıqlayıb.
Qadağa şəhərin mərkəzində təxminən 2 kilometrlik ərazini əhatə edir.
Mer Karen Bass sosial şəbəkədə yaydığı bəyanatında, “Los-Ancelesin mərkəzində yaşamır və ya işləmirsinizsə, bu ərazidən uzaq durun. Komendant saatını pozanlar saxlanılacaq və hüquqi məsuliyyətə cəlb olunacaqlar,” – deyə bildirib.
Qeyd edək ki, şəhərdə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni miqrantlara dəstək məqsədilə keçirilən nümayişlər zamanı bir sıra qarşıdurmalar qeydə alınıb, bəzi nəqliyyat vasitələri yandırılıb və bir neçə etirazçı saxlanılıb.
ABŞ prezidenti Donald Tramp isə məsələ ilə bağlı sərt mövqe sərgiləyərək, “Los-Ancelesi azad edəcəyik” deyə bildirib. O, etirazçılara qarşı Milli Qvardiyanın göndərildiyini və təhlükəsizliyin təmin olunacağını vurğulayıb. Tramp, həmçinin, Amerika bayrağını yandıran şəxslərə qarşı 1 il həbs cəzası təklif edib.
Trampın açıqlamalarına reaksiya verən Kaliforniya qubernatoru Gavin Newsom isə federal müdaxilənin ştat səlahiyyətlərini pozduğunu bildirib və məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini açıqlayıb.
Qeyd edək ki, iyunun 14-də Vaşinqtonda ABŞ ordusunun yaranmasının 250 illiyi böyük paradla qeyd ediləcək. Tramp bu tədbiri milli birliyin gücləndirilməsi baxımından önəmli hesab edir.