Bəzən çalışdığımız iş yerində maddi durumlar yaxşı olmur və maaşlarımız azalır. Bəzi şəxslər o fikirdədir ki, maaş azalan iş yerində qalmaq doğru deyil. Bəzən isə mənəvi tərəfdən düşünənlər olur və onlar deyirlər ki, bir müddət gözləmək lazımdır. Maraqlıdır, maaş azalan şirkətdə qalmalıyıq? Qalmalıyıqsa, bu müddət nə qədər olmalıdır?
İnsan Resursları üzrə mütəxəssis Asim Həsənov Valyuta.az-a bildirdi ki, bəzən iqtisadi çətinliklər səbəbindən şirkətlər əməkhaqqı siyasətinə yenidən baxmaq məcburiyyətində qalır: “Belə hallarda işçilər qarşısında mühüm bir sual dayanır: qalım, yoxsa ayrılım? İş yerində maddi durumlarda çətinlik ola bilər. Bu, təbii ki, işçilərin də orta aylıq əməkhaqqına təsir edir. Məhz buna görə də, Əmək Məcəlləsinin bəzi maddələri bu kimi situasiyaların həlli haqqında maddələri təqdim edir. Nümunə olaraq, deyə bilərəm ki, Əmək Məcəlləsinin 43-cü maddəsində əmək müqaviləsinin məzmununda işə götürən əmək haqqını mütləq qeyd etməlidir. Lakin işəgötürənin sonradan əmək haqqına dəyişiklik etmək hüququ da var. Amma işəgötürən buna öz istəyi ilə istədiyi kimi qərar verə bilməz. Çünki Əmək Məcəlləsi işçinin hüquqlarını qoruyur”.
İşəgötürən maaşı istəyinə görə dəyişə bilməz
Ekspertin sözlərinə görə, Əmək Məcəlləsinin 54,55,56-cı maddələrinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini birtərəfli qaydada dəyişdirilə bilməz, yəni maaşı tək öz istəyi ilə azalda bilməz: “Bu tərəflərin razılığı ilə olmalıdır. Ən az 1 ay əvvəl bu barədə işçiyə rəsmi kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə yazılı məlumat verilməlidir. Əgər işçi razılıq verərsə, müqavilə yenilənir və işə davam edilir, yox əgər işçi razılaşmazsa, o zaman müqaviləyə xitam verilir və işçi işdən ayrılır”.
İşəgötürənin qərarları necə almasına fikir verin
A.Həsənov deyir ki, şirkətin çətin vəziyyətə düşdüyü durumlarda işçi bəzi məqamları nəzərə almalıdır: “İlk olaraq, şirkətin dürüstlüyü və şəffaflığı. Əgər rəhbərlik maaş azalmasının səbəbini açıq və səmimi şəkildə izah edirsə, plan və çıxış yollarını sizinlə bölüşürsə, bu, müsbət siqnaldır. Əgər qərarlar gizli alınırsa və aydın kommunikasiya yoxdursa, bu, risk siqnalı ola bilər”.
Şirkətin gələcək potensialı və bazar vəziyyəti
Ekspert bildirir ki, şirkət bazarda sabit yerə malikdirsə və bu azalmanın müvəqqəti xarakter daşıdığı açıq şəkildə göstərilirsə, bir müddət gözləmək məntiqli ola bilər: “Əksinə, əgər şirkət onsuz da geriləyən sektordadırsa və gələcəklə bağlı konkret planlar yoxdursa, çıxış yollarını düşünmək lazımdır”.
Alternativ imkanlarınız
Ekspert deyir ki, əgər sizin peşəkar bacarıqlarınız yüksəkdir və bazarda yaxşı alternativlər mövcuddursa, çox uzun müddət gözləmək tövsiyə olunmur: “Əgər yeni imkanlar məhduddursa və iş yerindən başqa mənəvi və ya peşəkar qazanc əldə edə bilmirsinizsə, müəyyən dövr gözləmək olar”.
Maddi vəziyyətiniz nə deyir?
A.Həsənovun fikrincə, belə vəziyyətlərdə şəxsi büdcə və maddi öhdəlikləri analiz etmək vacibdir: “Şəxsi büdcənizi və maddi öhdəliklərinizi analiz edin. Əgər maaş azalması sizin və ailənizin əsas ehtiyaclarını təmin etməyə mane olursa, mütləq alternativləri aktiv araşdırmaq lazımdır”.
Gözləmə müddəti nə qədər olmalıdır?
İR mütəxəssisi bu kimi situasiyalarda nə qədər gözləmək lazım olduğu haqqında da fikrini bildirdi: “Bu müddət sektora, şirkətin vəziyyətinə və şəxsi durumunuza görə dəyişir. Ümumiyyətlə,1-3 ay müvəqqəti çətinliklərə görə gözləmək olar. Əgər 3 aydan sonra da aydın bərpa planı və nəticə yoxdursa, daha real seçimlərə yönəlmək məqsədəuyğundur. Hər iki yanaşmanın həm maddi, həm də mənəvi tərəflərin haqlı əsasları var. Ən vacibi isə soyuqqanlı düşünmək, şirkətin gələcək perspektivlərini düzgün qiymətləndirmək və şəxsi maraqları balanslı şəkildə nəzərə almaqdır”.
Sərvanə Rəmixanova