BAKI, 11 iyun. TELEQRAF
“Hazırda Mariupol şəhəri işğalçı Rusiya ordusu üçün təkcə maddi-texniki baza deyil, həm də sürətlə hərbiləşdirilən nəhəng hərbi obyektə çevrilir”.
Teleqraf xəbər verir ki, bu barədə ukraynalı hərbi analitik Petro Andryuşenko məlumat verib.
“Şəhərdə yeni hərbi obyektlər tikilir. Bu, tarixin kədərli bir anıdır, çünki ruslar öz bazalarını və Rostov vilayətində yerləşən hərbi komponentlərini bura köçürürlər. Tədricən Mariupola doğru hərəkət edirlər. İndi Mariupol təkcə dayanacaq deyil, həm də logistika nöqtəsi və hərbi bazadır. Son bir ay ərzində şəhərdə ən azı üç yeni hərbi baza tikilib”, - ekspert vurğulayıb.
P.Andryuşenkonun sözlərinə görə, Mariupol sürətli şəkildə hərbiləşdirilir:
“Ruslar Mariupolun hərbiləşdirilməsi planlarından əl çəkmirlər, əksinə, bu istiqamətdə kifayət qədər inamla irəliləyirlər və təəssüf ki, orada güclənirlər”.
Xatırladaq ki, 2022-ci ilin fevralından mühasirədə olan Mariupol mayın 20-də tam işğal olunub. Həmin gün “Azovstal” zavodundakı ukraynalı döyüşçülər ruslara təslim olublar və şəhər tamamilə Rusiya qüvvələrinin nəzarətinə keçib.
Ukraynanın məlumatına görə, mühasirə və hücum zamanı şəhərdə on minlərlə dinc sakin həlak olub. Ukrayna mənbələri ölənlərin sayının 25-30 min arasında olduğunu və şəhərin 90 faizinin tamamilə dağıdıldığını iddia edirlər. Mühasirə zamanı su, elektrik və qida təchizatı kəsilib, minlərlə insan aclıq və susuzluq içində qalıb.
Şəhər tam ələ keçdikdən sonra Rusiya Mariupolda yenidənqurma işlərinə başlayıb. Ukrayna şəhəri geri qaytarmağı hədəfləyir.
Mariupolun işğalı Rusiya-Ukrayna müharibəsinin ən qanlı və faciəvi epizodlarından biri hesab edilir. Ukrayna mediası mühasirə zamanı Rusiya ordusunun şəhəri xəritədən sildiyini yazır.