Kolumbiya prezidenti Qustavo Petro silahlı hücumda ağır yaralanan sağçı senator Migel Uribe Turbaya qarşı sui-qəsdin araşdırılmasında ABŞ-dan kömək istəyib.
Petro, sosial media platforması “X” hesabından verdiyi açıqlamada hücumla bağlı təfərrüatları paylaşaraq, “ABŞ səfirliyi vasitəsi ilə senator Uribe Turbaya qarşı sui-qəsd cəhdinin araşdırılmasında ABŞ qurumlarından geniş kömək istədim. Sui-qəsdin silahı Arizona ştatında alınıb və Florida vasitəsilə ölkəyə gətirilib”, – deyib.
Kolumbiya Baş Prokurorluğu Uribeyə hücum edən 15 yaşlı şübhəli barəsində “qəsdən adam öldürməyə cəhd və qanunsuz silah saxlama” ittihamları ilə iş açıldığını açıqlayıb.
Hücum edən şəxsin prokurorluq binasındakı xüsusi kamerada saxlanıldığı paylaşılıb.
Daxili işlər naziri Armando Benedetti verdiyi açıqlamada prezident Petronun bu hadisə ilə bağlı müxalifət və keçmiş prezidentlərlə görüşməyə və dialoq qurmağa hazır olduğunu bildirib.
***
Uribenin reanimasiyada müalicəsi davam edir. Səlahiyyətlilər, paytaxt Boqotadakı özəl xəstəxanada əməliyyat olunan Uribenin vəziyyətinin “kritik” olduğunu və müalicəyə zəif cavab verdiyini bildirdi.
***
Kolumbiyanın paytaxtı Boqotanın qərbindəki Modelia məhəlləsində vətəndaşlarla görüşən Uribe çıxış edərkən silahlı hücuma məruz qalıb. Partiya üzvləri tərəfindən özəl klinikaya aparılan Uribenin ağır yaralandığı və bədəninə 6 güllə dəydiyi bildirilib.
Hökumət, Uribe hücumundan sonra Fövqəladə Hallar Planının işə düşdüyünü açıqlamışdı.