BAKI, TurkicWorld
BMT-nin yeni hesabatına görə, dünyada doğum əmsalları sürətlə azalır və bu, qlobal miqyasda böhrana səbəb olur.
TurkicWorld xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) tərəfindən yayımlanan son hesabatda, 14 ölkədən 14 min insanın iştirakı ilə aparılmış sorğunun nəticələri təqdim olunub.
Məlum olub ki, iştirakçılardan hər beş nəfərindən biri istədiyi halda uşaq sahibi ola bilmədiyini bildirir.
Araşdırmaya Cənubi Koreya, Tayland, İtaliya, Macarıstan, Almaniya, İsveç, Braziliya, Meksika, ABŞ, Hindistan, İndoneziya, Mərakeş, Cənubi Afrika və Nigeriya daxil olmaqla, dünya əhalisinin üçdə birini təşkil edən ölkələrdə yaşayan insanlar qatılıb.
Əsas səbəb kimi iqtisadi qeyri-sabitlik göstərilir. İştirakçıların 39 faizi uşaq sahibi ola bilməməsini maliyyə çətinlikləri ilə izah edib. Tibbi səbəbləri əsas gətirənlərin payı isə cəmi 12 faiz təşkil edir. Eyni zamanda, ev işlərinin qeyri-bərabər bölüşdürülməsi qadınlar üçün ailə planlamasında əhəmiyyətli maneələrdən biri olaraq qeyd edilib.
“İnsanlar hələ də iki və ya daha çox uşaq sahibi olmaq istəyirlər, lakin istədikləri ailə strukturunu reallaşdıra bilmirlər. Əsl böhran budur.” - deyə UNFPA-nın direktoru Dr. Natalia Kanem doğum nisbətlərindəki enişi belə qiymətləndirib.
Hesabatda gələcəyə dair narahatlıqlar – iqlim dəyişikliyi, müharibələr və iqtisadi qeyri-müəyyənlik – doğum qərarlarına təsir edən mühüm faktorlar kimi göstərilir.
UNFPA bəzi ölkələrin aşağı doğum göstəricilərini sosial strukturlardakı dəyişikliklərlə izah etməsinin yanlış olduğunu bildirir. “Qadınların əmək bazarında iştirakı iqtisadiyyat üçün müsbət faktor olsa da, problemin həlli daha çox uşaq sahibi olmaq təzyiqi ilə mümkün deyil.”- deyə Kanem sözlərində bildirib.