AZ

Taciklər Həccə milyonlar tökməyin çox ağıllı alternativini tapdılar - bəs biz?


Tural İrfan: “Həccə getmək əvəzinə vətəndaşlar həmin vəsaiti daha xeyirli, daha faydalı işlərə yönəldə bilərlər”

“Cəmiyyətimizdə çoxlu insanlar var ki, Həcc ziyarəti üçün vəsait toplayıb, sonra ondan doğma yurdlarını abadlaşdırmaq üçün istifadə edirlər - yollar və körpülər, tibb məntəqələri, məktəblər, uşaq bağçaları və digər mühüm sosial obyektlər tikirlər”. Bunu Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Qurban bayramı münasibətilə təbrikində deyib.

O qeyd edib ki, belələri xalqa, gələcək nəsillərə xidmət edir və heç şübhəsiz, böyük mənəvi mükafat alırlar: “Bu baxımdan hər birimiz İslam təlimlərinin mahiyyətini və humanist əsaslarını dərindən dərk etməli, həddi aşmağa, təmtəraqlı dəbdəbələrə uymamalı, lüzumsuz şənliklər və təmtəraqlı mərasimlər təşkil etməməliyik".

Maraqlıdır, Tacikistan təcrübəsi ölkəmizdə də tətbiq edilə bilərmi? Ən azı, bir neçə il Həcc ziyarətinə sərf olunan vəsait ölkə daxilində müəyyən problemlərə yönəlsin?

“...məsələn, Qarabağın abadlaşmasında...”

Ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hər bir vətəndaşın borcudur vətənə, xalqa xidmət etsin, dövlətin mənafeyini, milli dəyərləri şəxsi ambisiyalarından üstün tutsun: “Din də bunu tələb edir ki, cəmiyyət bütün fəaliyyətində xalqın ümumi rifahı üçün çalışsın, bacardığı töhfəni əsirgəməsin. Dində belə bir qayda var ki, əgər müsəlman vacib namaz qılarkən digər birinin evi yansa, yaxud müəyyən ehtiyacını qarşılamaq üçün çağırış etsə, gərək namaz qılan ibadətini tərk edib o şəxsin yardımına qaçsın. Digər ibadətlər də belədir. Doğrudur, Həcc İslam dinində önəmli ibadətlərdəndir. Lakin ondan daha vacib və önəmli məsələlər ortaya çıxdıqda din əmr edir ki, daha vacib və zəruri olanı yerinə yetirmək lazımdır. Şübhəsiz, Həccə getmək üçün, xüsusilə də dəfələrlə müstəhəb olaraq təkrar Həccə gedənlər üçün vacibdir ki, o pulu abadlıq işlərinə, digər müsəlmanların, cəmiyyətin rifahına sərf etsinlər. İmam Əli buyurur ki, vacib məsələlərə xələl gətirən müstəhəbləri tərk edin. Ələlxüsus da bu ibadəti icra etmək üçün səfərin qiymətini normadan artıq qaldırıblar və demək olar ki, bu ibadət artıq biznes və şöhrət alətinə çevrilib. İsraf etmək də günahdır. Təbii ki, Həccə getmək əvəzinə vətəndaşlar həmin vəsaiti daha xeyirli, daha faydalı işlərə yönəldə bilərlər. Tutaq ki, Qarabağın abadlaşmasında öz qatqılarını istəyən şəxslər müvafiq fonda ianə şəklində dəstək ola bilərlər ki, bunun savabı, qiyməti yüz dəfə təkrar Həccə getməkdən daha artıq olar. İmkansız ailələr, təhsil alan kasıb uşaqlar, kimsəsiz qocalar var ki, onlara yardım etmək müstəhəb Həcc ibadətindən önəmli və vacibdir. Yaxşı olar ki, bu barədə bizim din xadimləri, aidiyyəti qurumlar maarifləndirmə aparsınlar”.

Günel CƏLİLOVA

Seçilən
45
baki-xeber.com

1Mənbələr