AZ

Rusiyanı necə “normal ölkəyə” çevirmək olar? - Tarixçi həll yolunu açıqladı

Britaniyalı tarixçi və jurnalist Timoti Qarton Eş "Ukrayinska Pravda"ya verdiyi müsahibəsində bildirib ki, uzunmüddətli perspektivdə Rusiya üçün ən əlverişli ssenari onun tam məğlubiyyəti və uzunmüddətli işğalı ola bilər.

Bizim.Media xəbər verir ki, tarixçinin fikrincə, məhz bu yanaşma İkinci Dünya Müharibəsindən sonra Almaniyanın transformasiyasında həlledici rol oynamışdı.
 

Lakin o, əlavə edib ki, dünyada bu ssenarini Rusiya ilə bağlı mümkün hesab etmirlər, çünki bu ölkənin nüvə silahı var:


“İnsanlar Rusiyadan qorxur, düşünürlər ki, Rusiyanı məğlub etmək mümkün deyil. Bu təsəvvür, yəqin ki, Napoleon müharibələrindən bəri formalaşıb. Amma Krım müharibəsi olub, Rus-Yapon müharibəsi olub – Rusiyanın məğlubiyyəti ilə bitib, Soyuq müharibəni də uduzub, Əfqanıstan müharibəsini də. Ona görə bu inanclar əsassızdır. Amma bu qorxular nüvə silahı ilə birləşəndə sanki betonlaşır”.

Tarixçi Yeni Xerson (Nova Kaxovka) şəhərindən olan bir sakinlə söhbətini də xatırladıb. Həmin şəxs hidroelektrik stansiyanın partladılması nəticəsində dəhşətli əzablar və itkilər yaşayıb. Qarton Eş bildirib ki, Ukrayna bu əraziləri azad edə bilməyib, çünki ABŞ-ın sabiq prezidenti Co Baydenin administrasiyası müharibənin gərginləşməsindən çəkinib. Bu vaxt isə Çin müharibəni izləyərək anlayır ki, nüvə təhdidi strategiyası işə yarayır.

Britaniyalı jurnalistin fikrincə, Rusiya ilə bağlı ən düzgün siyasət Ukraynanı güclü, suveren, firavan və cəlbedici demokratik ölkə kimi dəstəkləməkdir:

“Və sonra sadəcə gözləmək lazımdır. Bir neçə il, bəlkə də onilliklər sonra bu “maqnit” işləməyə başlayacaq. Bütün təbliğata və yalanlara baxmayaraq, ruslar görəcəklər ki, Ukraynada insanlar Rusiyadakından daha yaxşı yaşayır. Bu çox uzunmüddətli prosesdir, amma sonda Rusiyanın içindən dəyişiklik başlayacaq”, – deyə tarixçi vurğulayıb.

Xatırladaq ki, ötən il amerikalı tarixçi, Yel Universitetinin professoru Timoti Snayder Ukraynadakı müharibənin sonu ilə bağlı iki əsas ssenari irəli sürmüşdü:

Maksimum nəticə verəcək ssenari – Rusiyanın tam məğlubiyyəti, lakin bu ancaq Qərbin Ukraynaya dəstəyinin artırılması ilə mümkündür.

Minimum kifayət edəcək ssenari – Ukraynanın suverenliyinin qorunduğu, lakin bütün ərazilərinə tam nəzarət etmədiyi bir sülh razılaşması.
 

Əsas şərtlər – Ukrayna ordusunun və müstəqil daxili və xarici siyasət hüququnun saxlanmasıdır.


Digər tərəfdən, alman tarixçi və hərbi ekspert Zenke Naytsel hesab edir ki, Rusiya artıq bu payız Litvaya hücum edə bilər. O, bu fikrini Rusiyanın Belarusda keçirdiyi genişmiqyaslı hərbi təlimlərlə və regionda artan gərginliklə əsaslandırır. Naytselin fikrincə, NATO-nun, xüsusilə ABŞ-ın dəstəyinin zəifləməsi Alyansın 5-ci maddəsinin – kollektiv müdafiə mexanizminin – effektivliyini azalda bilər.

Bizim.Media

Seçilən
36
bizim.media

1Mənbələr