AZ

Dəniz dibini xəritələmək üçün 25 milyon dollar investisiya ayrıldı

ABŞ-ın "Bedrock Ocean" şirkəti dəniz dibinin xəritələnməsi üzrə texnologiyalarını inkişaf etdirmək məqsədilə 25 milyon dollar investisiya cəlb edib. 

Valyuta.az xəbər verir ki, şirkət bu vəsaiti A seriyasının ikinci mərhələsində "Primary" və "Northzone" fondlarının rəhbərliyi ilə əldə edib. Turda həmçinin "Autopilot", "Costanoa Ventures", "Harmony Partners", "Katapult" və "Mana Ventures" da iştirak edib.
"Bedrock Ocean" 12 saata qədər fəaliyyət göstərə bilən avtonom sualtı aparat (AUV) hazırlayıb. Aparat dəniz dibini sonar və maqnit sensorları vasitəsilə xəritələyir.

Ənənəvi olaraq xəritələmə böyük gəmilərlə həyata keçirilir və bu zaman güclü sonar siqnalları istifadə olunur. Bu üsul həm baha başa gəlir, həm də dəniz canlılarına zərər verə bilər. "Bedrock Ocean" isə kiçik ölçülü, müstəqil fəaliyyət göstərən aparatlarla bu prosesi daha səmərəli və ekoloji cəhətdən daha təhlükəsiz etməyi hədəfləyir.

Şirkətin əməliyyatlar üzrə direktoru Brendon Ma bildirib ki, bir gəmi ilə eyni anda 10-12 aparat dənizə buraxıla bilər və hər iki aparat birlikdə bir ənənəvi xəritələmə gəmisinin gördüyü işi görə bilir.

Aparatlar dəniz səthinə yaxın məsafədə hərəkət etdiyindən zəif sonar siqnalları ilə dəqiq nəticələr əldə etmək mümkündür. Bununla da həm enerji sərfi azalır, həm də dəniz canlıları üçün səs təsiri minimuma enir.

"Bedrock Ocean" həm aparatların istehsalını, həm də onlara nəzarət və xəritələmə üçün proqram təminatını özü hazırlayır. Toplanmış məlumatlar əvvəlcə cihazda emal edilir, daha sonra Wi-Fi vasitəsilə gəmiyə ötürülür. Gəmidə yerləşdirilən "Starlink" antenası ilə isə bu məlumatlar bulud sisteminə göndərilir.

Şirkət hazırda dənizdə külək enerjisi layihələri, neft-qaz axtarışları və ekoloji qiymətləndirmələr üçün sifariş əsasında xəritələmə xidmətləri göstərir. 

Deyilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri də bu texnologiyaya maraq göstərib.

Sərvanə Rəmixanova

Seçilən
35
valyuta.az

1Mənbələr