AZ

Xocalı qatilinin HƏBSİ GÜNDƏMDƏ – Ohanyan bu halda Azərbaycana ekstradisiya OLUNA BİLƏR

Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Seyran Ohanyanın həbs olunacağı gözlənilir.

Ermənistanın Baş prokuroru Milli Assambleyanın spikeri Alen Simonyana müraciət edərək, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan və həmin fraksiyanın katibi Artsvik Minasyana qarşı cinayət işinin başlanması ilə bağlı icazə istəyib. Yaxın günlərdə müraciətin müzakirə olunacağı və qərar qəbul ediləcəyi bildirilir.

Ohanyan nədə ittiham olunur?

Ermənistan Baş Prokurorluğun məlumatına görə, Seyran Ohanyan 2008-ci il aprelin 14-dən 2016-cı il sentyabrın 9-dək Ermənistan müdafiə naziri vəzifəsini icra edərkən, 2010-cu ildən 2015-ci ilədək Qeqarkunik rayonu, Dratik küçəsi 17, p.1-də yerləşən 10526 kvadratmetr ərazini qanunsuz zəbt edib. Xüsusi mühafizə olunan ərazidə özünə malikanə tikib və polis tərəfindən mühafizəsini təşkil edib.

Bundan əlavə, Seyran Ohanyan yuxarıda qeyd olunan torpaq sahəsinin hansı pulla aldığını açıqlamamaq üçün saxta sövdələşmə həyata keçirib.

Guya o, ərazini “Sevan” Milli Parkı” MTK-dan icarəyə götürüb.

Seyran Ohanyan 2021-ci il avqustun 2-dən deputat vəzifəsini tutaraq, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim etdiyi bəyannamələrdə 10526 kvadratmetr torpaq sahəsini gizlədib. Faktiki olaraq ona məxsus olan “Sevan” MTK və onun mülkiyyətində olan binalar barədə məlumatlar gizlədilib.

Xatırladaq ki, Seyran Ohanyan Qarabağ separatçılarının rəhbərlərindən biri olub və Xocalı soyqırımının əsas təşkilatçılarından biridir. O, eyni zamanda Ermənistandakı revanşist qüvvələri təmsil edir.

Göründüyü kimi, Xocalı qatillərindən olan Seyran Ohanyanın həbsi gündəmdədir.

Görəsən onun Azərbaycana ekstradisiyası mümkündürmü?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirir ki, Ohanyanın Azərbaycana ekstradisiyası nəzəri, hüquqi baxımdan mükündür, çünki ittiham olunan cinayətlər siyasi xarakter daşımır. Amma bununla belə, həmsöhbətimiz praktikada bunun baş verəcəyini düşünmür:

“Seyran Ohanyan barəsində 2020-ci ilin martında Bakı Hərbi Məhkəməsi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib və interpol vasitəsilə onu axtarışa verib. O, Azərbaycan xalqına qarşı genosid cinayətində və Xocalı qətliamının təşkilində ittiham olunur. Onun Azərbaycana ekstradisiyasına gəldikdə, bu bir neçə şərtdən asılıdır”.

Həmsöhbətimizə görə hər şeydən əvvəl iki ölkə arasında rəsmi mübadilə prosesini təmin edən müqavilə olmalıdır:

“Amma Azərbaycanla Ermənistan arasında bu barədə razılaşma yoxdur. Belə bir razılaşma olmadan ekstradisiya verilməsi mürəkkəbdir və ciddi siyasi-hüquqi maneələrlə üzləşə bilər. Digər tərəfdən, çoxsaylı ölkələrdə olduğu kimi, Ermənistanda da öz vətəndaşlarının ekstradisiyasına məhdudiyyətlər tətbiq olunur. Azərbaycan da cinayət törədən öz vətəndaşlarını başqa ölkəyə verə bilməz”.

Ekspert qeyd edir ki, Ohanyan başqa ölkə ərazisində tutularsa, Azrbaycana ekstradisiyası mümkündür:

Ohanyan hazırda interpolun qırmızı bülleten siyahısındadır. Bu da onun sərbəst şəkildə harasa getməsinə çətinlik yaradır. Belədə o, başqa ölkədə tutularsa, oradan Azərbaycana ekstradisiya əsasında gətirilə bilər. Amma bu da onun hansı ölkələrdə hətəkət etməsi məsələsinə bağlıdır. Yəni nəzəri baxımdan onun ekstradisiyası mümkün görünür.

Lakin Ermənistan konstitusiyası öz vətəndaşlarının ekstradisiyasını qadağan etdiyindən praktikada bu mümkün deyil. Ona görə də bu məsələnin reallaşacağına şübhə edirəm”.  

Rüfət Sultan, Bizim.Media

Seçilən
46
2
bizim.media

3Mənbələr