BAKI, TurkicWorld
Türkiyə vitse-prezidenti Cevdet Yılmaz İsrailin Qəzzaya yardım aparan Madleen gəmisinə hücumunu beynəlxalq hüquqa zidd və qanunsuz adlandırıb.
TurkicWorld xəbər verir ki, gündəmdəki məsələləri şərh edən Yılmaz, hadisəni “İsrail cinayət siyahısına daha bir qanunsuz müdaxilə əlavə etdi” sözləri ilə qiymətləndirib.
O bildirib ki, bu hərəkət beynəlxalq sularda piratlıq aktıdır və Netanyahu administrasiyası öz soyqırımı siyasətini davam etdirir. Onun sözlərinə görə, bölgədə atəşkəs təmin edilməli, Fələstin xalqına davamlı humanitar yardım göstərilməli və BMT qətnamələrinə əsaslanan iki dövlətli həll yolu gerçəkləşdirilməlidir.
"Türkiyənin İsraillə ticarəti varmı?" sualına cavab olaraq Yılmaz “Fələstinlilərə sual versinlər: onları ən çox dəstəkləyən lider və ölkə kimdir? Ən doğru cavabı elə onların özlərindən alacaqlar”- deyə bildirib.
Qeyd edək ki, “Azadlıq Donanması Koalisiyası (Freedom Flotilla Coalition)” adlı vətəndaş cəmiyyəti təşkilatının Qəzzaya tətbiq olunan blokadanı yararaq bölgəyə yardım çatdırmaq məqsədilə həyata keçirdiyi son missiya çərçivəsində 18 metrlik gəmi 1 iyun tarixində İtaliyanın Kataniya şəhərindəki San Covanni Li Kuti Limanından Qəzzaya doğru yola çıxmışdı.
“Madleen” gəmisindəki aktivistlər, İsrail ordusunun müdaxiləsi halında sülhsevər mövqe tutacaqlarını və müqavimət göstərməyəcəklərini əvvəlcədən bəyan etmişdilər.
İsrail ordusu Qəzzaya tətbiq olunan blokadanı pozmaq məqsədi daşıyan “Madleen” gəmisinə müdaxilə etmişdi.
Gəmidə Avropa Parlamentinin fransız üzvü Rima Hassan və Almaniya vətəndaşı Yasemin Acarla yanaşı, Türkiyədən Hüseyn Şüayb Ordu, Braziliyadan Tiago Avila, İspaniyadan Serxio Toribio, Niderlanddan Marko van Rennes, Fransadan Baptist Andre, Reva Viard, Paskal Muriéras və Yanis Mhamdi, İsveçli iqlim fəalı Qreta Tunberq və jurnalist Omar Faiad daxil olmaqla 12 nəfər olub.