ABŞ-ın Ədliyyə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi 2022–2023-cü illərdə milyarder İlon Maskla görüşən əcnəbiləri izləyib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” hökumət qurumlarındakı mənbələrə istinadən xəbər yayıb.
Nəşrin məlumatına görə, xüsusi maraq doğuran şəxslər arasında Şərqi Avropa və digər regionlardan olan insanlar olub. Onların Maskın qərarlarına təsir etməyə çalışdıqları ehtimal olunub, çünki milyarderin ABŞ-ın milli təhlükəsizlik agentlikləri ilə dövlət müqavilələri çərçivəsində gizli məlumatlara çıxışı var.
Məlumdur ki, araşdırmaya hələ Co Baydenin administrasiyası dövründə start verilib. Prosesə FTB də daxil olmaqla bir neçə qurumun əməkdaşları cəlb olunub. Hazırda işin statusu naməlum olaraq qalır.
WSJ qeyd edir ki, xüsusi xidmət orqanları Maskın iştirak etdiyi tədbirlərə kimlərin qatıldığını araşdırıb və əcnəbi iştirakçıları xüsusi şəkildə yoxlayıblar.
Xatırladaq ki, keçmişdə Donald Tramp və İlon Mask arasında ittifaq olub, lakin son dövrlər münasibətlər qarşılıqlı təhqir və təhdid səviyyəsinə çatıb. Mask Trampın dəstəklədiyi "One Big Beautiful Bill" adlı vergi və büdcə qanun layihəsini açıq şəkildə tənqid edib.
Buna cavab olaraq Tramp sosial şəbəkələrdə Maskı “dəlisov” adlandırıb və ondan Ağ Evdən getməsini istəyib. Eyni zamanda, Maskın şirkətlərinə verilən subsidiyaları və müqavilələri ləğv etməklə hədələyib.
Konflikt daha da kəskinləşib: Mask Trampı Ceffri Epşteynlə bağlı sənədləri gizlətməkdə ittiham edib, impiçmentə çağırış edib və mövcud Respublikaçılar Partiyasını əvəzləyəcək yeni bir partiya yaratmaq ideyasını gündəmə gətirib.
Tramp buna cavab olaraq dövlət müqavilələrinin kütləvi şəkildə ləğv ediləcəyi ilə hədələyib və hüquqi, siyasi təzyiqləri artırıb.
Bütün bu qarşıdurmalar sosial şəbəkələrdə Maskın və onun brendlərinin reputasiyasına ciddi zərər vurub: Tesla səhmləri 14%-dən çox dəyər itirib və səhm bazarı bu gərginliyə həssas reaksiya verib.
Lakin son siqnallar münasibətlərin yumşala biləcəyinə işarə edir: Tramp hələlik Maskla danışmağı planlaşdırmadığını desə də, gələcəkdə dialoqun mümkünlüyünü istisna etməyib. Mask isə sosial şəbəkələrdə barışıq mesajları verib.
Bizim.Media