
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tarixdə ilk dəfə dünya çempionatına vəsiqə qazanan milli futbol komandasının futbolçularına, həmçinin məşqçilər korpusunun üzvlərinə 40 ədəd BYD markalı avtomobil hədiyyə edib. `
Yeniavaz.com xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, iyunun 5-də 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində özbək futbolçuları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığması ilə səfərdə qarşılaşıb. Oyun 0:0 hesabı ilə heç-heçə başa çatıb. Bu isə Özbəkistan yığmasına tarixdə ilk dəfə dünya çempionatına vəsiqə qazanmağa imkan verib.
Çərşənbə axşamı isə Daşkəndin “Bunyodkor” stadionunda Özbəkistan və Qətər yığmaları arasında daha bir seçmə oyun keçirilib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra təntənəli mükafatlandırma mərasimi keçirilib. Dövlət başçısı idmançılara fəxri adların döş nişanlarını, həmçinin, orden və medalları təqdim edib. Bundan əlavə, futbolçulara və mütəxəssislərə BYD markalı avtomobillər hədiyyə olunub.
Qeyd edək ki, Mirziyoyev Qətər komandası ilə oyuna Bolqarıstan Prezidenti Rumen Radev və Slovakiya Baş naziri Robert Fitso ilə birgə tamaşa edib.
Xatırladaq ki, futbol üzrə dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.
