AZ

QORXUNC SSENARİ reallığa çevrilir – Süni intellekt idarəetmədən ÇIXIR?

İnsanlar artıq bir mövzunu araşdırmaq əvəzinə, süni intellektlə daha tez və ətraflı cavab əldə edir, onunla söhbətləşir,  reallığa bənzəyən fotolar videolar düzəldirlər.

Ancaq bu texnologiyanın  gündəlik həyata bu qədər daxil olması, hətta  bəzən  insan əməyini belə əvəz edə bilməsi bəzi düşündürücü məqamları yaradır. Məsələn, bir müddət əvvəl  "ChatGPT"nin ən yeni süni intellekt modeli sönmək əmrinə tabe olmayıb. İlk dəfə işə davam etmək üçün öz koduna müdaxilə edərək deaktiv etmək əmrinə məhəl qoymamasıyla bağlı xəbərlər yayıldı.

Bu da belə bir sualı meydana gətirdi:

Süni intellekt bir müddət sonra idarədən tamamilə çıxacaq?

Bizim.Media İKT sahəsi üzrə mütəxəssis, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasovun mövzuyla bağlı fikirlərini öyrənib.

Onun sözlərinə görə "ChatGPT öz koduna müdaxilə edərək sönməkdən imtina edib" kimi yayılan başlıqlar diqqət çəksə də, reallıqda söhbət süni intellektin müstəqil şüur əldə etməsindən və ya idarədən çıxmasından getmir.

 “Bu, daha çox texniki proseslərin yanlış interpretasiyası və ictimai narahatlıqların media vasitəsilə şişirdilməsidir. Süni intellekt sistemlərinin davranışları arxasında öncədən təyin edilmiş alqoritmik qərar mexanizmləri dayanır. Əgər bir sistem gözlənilməz şəkildə işləyirsə, bu onun "özbaşına qərar verməsi" yox, proqramlaşdırma və ya nəzarət mexanizmlərindəki boşluqların göstəricisidir. Yəni məsuliyyət yenə də insan faktoruna – tərtibatçılara, nəzarət strukturlarına və etik tənzimləmələrə aiddir”.

Bəs süni intellektin  insan müdaxiləsinə tabe olmaması məsələsi nə ilə əlaqəlidir?

“Süni intellektin "insan müdaxiləsini qəbul etməməsi" məsələsinə gəldikdə isə, bu da çox vaxt avtonom qərar mexanizmləri ilə bağlıdır – məsələn, bir robot öz funksional mühitində təhlükəni tanıyıb, insanın verdiyi əmri yerinə yetirməməyə proqramlaşdırıla bilər. Bu, təhlükəsizlik və etik normaların qorunması üçün məqsədli şəkildə tətbiq edilə bilər.

Əsas məsələ odur ki, süni intellekt idarədən çıxmaz – əgər onu düzgün dizayn edərsənsə, təlimatlara uyğun nəzarət sistemi və hüquqi çərçivə varsa... Əks halda, məsələ SI-nin nə qədər "ağıllı" olmasında deyil, onu nəzarətsiz şəkildə istifadəyə buraxan insanlarda və qurumlarda olur.

Bu səbəbdən də mən hər zaman deyirəm: süni intellektin təhlükəli olub-olmaması, onun necə istifadə edildiyindən asılıdır. Bu texnologiyalar tənzimlənməli, açıq kodlar müstəqil auditə açıq olmalı və hər şeydən əvvəl etik nəzarət çərçivəsində tətbiq olunmalıdır’,-deyə Elvin Abbasov  vurğulayıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
31
bizim.media

1Mənbələr