AZ

Özbəkistan millisinin uğurunun sirri nədir?

Məlum olduğu kimi, futbol üzrə Özbəkistan milli komandası tarix yazdı. 

Sözügedən yığma ilk dəfə olaraq Dünya Çempionatının final mərhələsinə vəsiqə qazandı. Beləliklə, 2026-cı ildə keçiriləcək dünya çempionatında Özbəkistan da iştirak edəcək. 

Maraqlıdır, Özbəkistan millisi bu uğura necə nail oldu? Onlar, nələri düz etdilər? 

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev Hit.az-a açıqlamasında bildirib ki, Özbəkistanın bu mərhələyə qədər gəlib çıxması təsadüfi deyil:

375416

"Çünki onlar artıq 30 ildir Dünya Çempionatının final mərhələsində doğru yolu gedirdilər. 1990-cı illərin əvvəllərinə başladıqları yol nəhayət öz uğurlu sonluğuna yetdi. O vaxtdan artıq görünürdü ki, Özbəkistan futbolu bir yerdə dayanmayacaq və inkişaf edəcək".

Ekspertin sözlərinə görə, Özbəkistan futbolunun bu qədər inkişaf etməsinin səbəbi futbola ciddi münasibətdir:

"Onlar, ucqar dağ kəndlərinə qədər futbol infrastrukturunu qurmağa başlamışdılar. Ölkənin bütün regionlarında uşaq futbol meydançaları yerləşdirilir və mümkün olduğu qədər futbol akademiyaları quraraq orada futbolçuları inkişaf etdirirlər. Uşaqları təkcə oynatmır, həm də onları futbolçu olaraq yetişdirərək inkişaflarına dəstək olurlar. Əslində, bu müddət ərzində Özbəkistan Dünya Çempionatına çıxmağa iki dəfə yaxın olub".

Mütəxəssis diqqətə çatdırıb ki, Özbəkistanda futbolun inkişafı üçün çox böyük işlər görülüb:

"Onlar, 30 il ərzində işə ciddi yanaşdılar və boşluq vermədilər. Hətta məğlubiyyətlər və enişlər qarşısında da ruhdan düşmədilər. Mütəmadi şəkildə öz planlarına uyğun olaraq işlərini davam etdirdilər.

Xüsusi olaraq vurğulanmalıdır ki, bu müddət ərzində Özbəkistanda uşaq futbolu ən yüksək səviyyəyə qaldırıldı. Yetişdirdikləri istedadlı futbolçular böyük klublara transfer olmağa başladılar. Milli komandanın onurğa sütununu təşkil edən futbolçular Avropa və dünya səviyyəsində özlərini sübut etdilər. Məqsədyönlü formada iş aparıldı və nəticə qazanıldı".

Pərviz

Seçilən
39
hit.az

1Mənbələr