AZ

DÇ-2026: Ekvador və Braziliya istəyinə çatdılar

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 16-cı turun görüşləri baş tutub.

Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təsadüf edib.

Lider Argentina millisi doğma meydanda Kolumbiya yığması ilə qarşılaşıb. Buenos-Ayresdəki “Monumental” stadionunda keçirilmiş görüşdəhesabı 24-cü dəqiqədə kolumbiyalı hücumçu Luis Dias açıb. 71-ci dəqiqədə argentinalıların yarımmüdafiəçisi Entso Fernandes qırmızı vərəqə alıb. Bununla belə, 81-ci dəqiqədə yarımmüdafiəçi Tyaqo Almada hesabı bərabərləşdirməyi bacarıb. Argentinalı hücumçu Lionel Messi 78 dəqiqə meydanda olsa da, məhsuldar hərəkətlərlə yadda qalmayıb.

Beşqat dünya çempionu Braziliya millisi bu turda Paraqvayla üz-üzə gəlib. Sözügedən komanda Vinisius Juniorun vurduğu yeganə qol sayəsində qalib gələrək DÇ-2026-ya vəsiqəni təmin edib. Braziliya yığması bütün dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanan yeganə ölkə ünvanını qoruyub.

Qeyd edək ki, Braziliya yığması 1930-cu ildən bəri keçirilən 22 dünya çempionatının hər birinin final mərhələsində iştirak hüququ qazanıb. Bu komanda hazırda seçmə mərhələnin turnir cədvəlində 25 xalla üçüncü pillədə yer alıb.

Braziliya ilə yanaşı, Ekvador yığması da dünya çempionatına vəsiqəni təmin edib.

Əvəzində Çili millisi ardıcıl üçüncü dəfə dünya çempionatının final mərhələsindən kənarda qalıb. Bu, komandanın seçmə mərhələdə Boliviyaya məğlub olması (0:2) ilə reallaşıb. Beləliklə, Çili yığması ardıcıl üçüncü dəfə mundialın final mərhələsinə adlamaq şanslarını itirib. Komanda seçmə mərhələdə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Çili Amerika Kubokunun ikiqat qalibidir. 2017-ci ildə Konfederasiyalar Kubokunun finalçısı olmuş bu komanda 1962-ci ildə keçirilmiş dünya çempionatının bürünc mükafatçısıdır.

Qeyd edək ki, DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci-altıncı yerləri tutacaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
16-cı tur
10 iyun

Boliviya – Çili 2:0
Qollar: Migelito, 5. E.Monteyro, 90.

Uruqvay – Venesuela 2:0
Qollar: R.Aqirre, 43. De Arraskaeta, 47.

Argentina – Kolumbiya 1:1
Qollar: Almada, 81 – L.Dias, 24.

Braziliya – Paraqvay 1:0
Qol: Vinisius, 44.

Peru – Ekvador 0:0

Xallar: Argentina – 35. Ekvador – 25. Braziliya – 25. Uruqvay – 25. Paraqvay – 24. Kolumbiya – 22. Venesuela – 18. Boliviya – 17. Peru – 12. Çili – 10.

Seçilən
63
arena.az

1Mənbələr