Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı 2025-ci il 1 yanvar tarixinə olan rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, ölkədə 1 098 348 pensiyaçı var.
Heftelik.az-ın təhlil.az-a istinadən verdiyi məlumata görə, bu, son bir ildə ölkədə pensiyaçıların sayının 0,22% və ya 2390 nəfər artması deməkdir və 2021-ci ildən davam edən azalmadan sonra ilk artımdır.
Ümumilikdə cari ilin əvvəlində ölkəmizdə pensiyaçıların sayı 2021-ci illə müqayisədə 10,6% və ya 130 481 nəfər azalıb. Buna səbəb son illərdə əlillik pensiyası alan şəxslərin təkrar yoxlanılması və onların bir çoxunun saxta olduğuna görə ləğv edilməsidir.
Qeyd edək ki, ölkəmizdə pensiya alanlar yaşa, əlilliyə və ailə başçısını itirməyə görə olmaqla üç yerə bölünürlər. 2025-ci ilin 1 yanvar tarixinə olan nəticələrə görə, ölkəmizdəki pensiyaçıların 64,3% -i yaşa, 23,3%-i əlilliyə, 12,5%-i isə ailə başçısını itirməyə görə pensiya alır.
Rəsmi rəqəmlərə görə, son 5 ildə Azərbaycanda hər bir pensiya növü üzrə dəyişiklik qeydə alınıb. Daha dəqiq desək, il ərzində Azərbaycanda yaşa görə pensiya alan şəxslərin sayı 0,6% və ya 4212 nəfər artaraq 705 849 nəfər olub. Son 5 ildə isə yaşa görə pensiya alan şəxslərin sayı 1,45% və ya 10 373 nəfər azalıb.
Əlilliyə görə pensiya alan şəxslərin sayı son bir il ərzində 1,02% və ya 2643 nəfər azalaraq 255 458 nəfərə enib. Qeyd etdiyimiz kimi aidiyyəti dövlət qurumları tərəfindən təkrar yoxlanışların keçirilməsi və saxta əlillik sənədlərinin ləğv olunması nəticəsində son 5 il ərzində əlilliyə görə pensiya alan şəxslərin sayı 31,66% və ya 118 351 nəfər azalıb.
Ailə başçısını itirməyə görə pensiya alan şəxslərin sayı isə son bir ildə 0,6% və ya 821 nəfər artaraq 137 041 nəfər olub. Son 5 ildə bu kateqoriya üzrə 1,27% və ya 1757 nəfərlik artım qeydə alınıb.
Aparılan təhlil zamanı məlum olub ki, Azərbaycanda təyin olunmuş aylıq pensiyaların orta məbləği hər il sürətlə artıb. 2025-ci ilin əvvəlinə olan məlumata görə, ölkədə pensiyaların orta məbləği 496,6 manat təşkil edib ki, bu da son bir ildə orta pensiya məbləğinin 12,53% və ya 55,3 manat artması deməkdir.
Qeyd edək ki, son 5 il ərzində Azərbaycanda orta aylıq pensiya məbləği 67,31% və ya 194,4 manat artıb.
Xatırladaq ki, ölkəmizdə 5 il öncə aylıq orta pensiya məbləği 302,2 manat təşkil edirdi.
Cənubi Qafqaz ölkələrinin Dövlət Statistika Komitələrinin rəsmi məlumatları əsasında aparılan müqayisə göstərir ki, bu regionda ən çox pensiyaçı qonşu Gürcüstanda yaşayır.
Cari ilin əvvəlinə olan rəqəmlərə əsasən, Gürcüstanda yaşa görə pensiya alan şəxslərin sayı 864 312 nəfər təşkil edir.
Yaşa görə pensiya alan şəxslərin sayına görə Azərbaycan 705 849 pensiyaçı ilə ikinci sırada yer alır. Ermənistanda yaşa görə pensiya alan şəxslərin sayı isə 380 791 nəfərə bərabərdir.
Xatırladaq ki, Azərbaycanda əhalinin sayı Gürcüstan əhalisindən dəfələrlə çox olsa da, rəsmi rəqəmlər göstərir ki, qonşu ölkədə yaşlıların sayı daha çoxdur. Daha dəqiq desək, Azərbaycanda yaşa görə pensiya alan şəxslərin sayı ümumi əhalinin 6,9%-ni, Gürcüstanda 23,3%-ni, Ermənistanda isə 12,4%-ni təşkil edir.
Cari ilin əvvəlinə olan göstəricilərə görə, Cənubi Qafqazda yaşa görə ən yüksək orta pensiya məbləği məhz Azərbaycandadır. Ölkəmizdə yaşa görə orta pensiya məbləği 311,7 dollar təşkil edir. Eyni tarixə olan göstəricilərə görə, bu məbləğ Gürcüstanda 165,2 dollar, Ermənistanda isə 125,7 dollar təşkil edir.