Paşinyanın son illərdə dəfələrlə "Qarabağ Azərbaycandır" fikrini təsdiqləyən bəyanatları onun siyasətində qeyri-müəyyən və bəzən ziddiyyətli yanaşmaları ortaya qoyur.
Paşinyanın həm Qarabağla bağlı ritorikasında, həm də Türkiyə ilə yumşaq ünsiyyət cəhdlərindəki bu ziddiyyətli yanaşmalar nəyə əsaslanır? Bu ikili siyasətin əsas məqsədi nədir?
"Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatı, şübhəsiz ki, daxili auditoriyaya hesablanmış addımdır. O, çalışır ki, Qarabağ məsələsini ölkə daxilində unutdursun və bu mövzuda özünə haqq qazandırsın. Çünki Ermənistan müxalifəti məhz bu məsələ üzərindən Paşinyanı hədəfə alır və onu məğlub siyasətçi kimi cəmiyyətə təqdim etməyə çalışır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, Paşinyanın dediklərində həqiqət payı var, çünki Paşinyan qeyd edir ki, əgər Şuşa və digər ərazilər Ermənistana doğrudan da dəyərli idisə, niyə 30 il ərzində bu bölgələrdə infrastruktur və normal yaşayış şəraiti yaradılmadı?:
"Paşinyan bu mövzuda bir neçə arqumentə əsaslanır: birincisi, o, münaqişənin bu cür nəticələnməsində özünün günahı olmadığını deyir, ikincisi isə iddia edir ki, nə Qarabağ, nə də Şuşa Ermənistana lazım deyil. O, arqumentini belə əsaslandırır: əgər müxalifət - xüsusilə də Qarabağlılarla əlaqəli olan keçmiş Sarkisyan rejimi - Şuşanın onlar üçün bu qədər dəyərli olduğunu iddia edirdisə, niyə son 30 ildə bu şəhərə heç bir ciddi dəstək göstərilmədi? Niyə orada ciddi tikinti və quruculuq işləri aparılmadı?
Biz Şuşaya gedəndə oranın infrastruktur baxımından bərbad vəziyyətdə olduğunu gördük. Paşinyanın öz media qurumlarında Azərbaycanın Qarabağda həyata keçirdiyi yenidənqurma işlərinin geniş şəkildə işıqlandırılması da diqqətçəkicidir. Bu media orqanlarında dolayısı ilə qeyd olunur ki, əgər bir şəhər doğrudan da sizə məxsusdursa, ona sahib çıxmalı idiniz. Əslində bu gün həmin şəhərin Azərbaycanın nəzarətində olması və dövlət tərəfindən genişmiqyaslı bərpa işlərinin aparılması onu göstərir ki, ora Azərbaycan şəhəridir. Paşinyan sual edir: əgər doğrudan da Şuşa sizə məxsus idisə, niyə bu illər ərzində ora heç bir diqqət göstərilmədi?
Bütün bu arqumentlər Ermənistanda məsələnin ciddiliyini və Paşinyanın məsələni unutdurmaq cəhdlərini göstərir. Əslində, Paşinyanın bəzi dediklərində həqiqət payı da var: bu illər ərzində ermənilər işğal etdikləri ərazilərdə demək olar ki, heç bir infrastruktur layihəsi həyata keçirmədilər. Əksinə, bu bölgələrdən resursları talayıb apardılar. İşğaldan azad olunan zaman bu rayonların, o cümlədən Şuşanın vəziyyəti göz önündə idi: bərbad infrastruktur, sosial baxımdan acınacaqlı şərait, insanlar üçün yaşamaq üçün ən minimal tələblərin belə olmadığı şərait. Oradakı erməni əhalisi faktiki olaraq səfalət və yoxsulluq içində, zorla saxlanılırdı. İnsanlar primitiv daxmalarda yaşayır, normal sosial mühitdən məhrum idilər.
Paşinyanın sualı haqlıdır: əgər həmin şəhərlər doğrudan da onlar üçün önəmli idisə, niyə orada heç bir əsaslı yenidənqurma aparılmadı? Bugünkü reallıqda Azərbaycanın Qarabağda həyata keçirdiyi bərpa işləri beynəlxalq aləmdə də diqqət mərkəzindədir. Bu işlər artıq dünyada bir nümunə kimi qəbul olunur. Bütün bunlara baxmayaraq, Paşinyanın dedikləri fonunda Ermənistan tərəfi nə Şuşada, nə də digər işğal altında saxladıqları rayonlarda ciddi infrastruktur və inkişaf layihələri həyata keçirməmişdi".
Səidə Ramazanova