AZ

Haitidə zorakılıq səbəbindən yüz minlərlə insan evsiz qalıb

BAKI, TurkicWorld

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Haitidə dəstə zorakılığı səbəbindən daxili köçkünlərin sayının rekord səviyyəyə çatdığını bildirib.

TurkicWorld xəbər verir ki, BMqT-nin yaydığı yazılı açıqlamada 2024-cü ilin dekabrından bu yana ölkədə zorakı hadisələrdən qaçaraq didərgin düşənlərin sayında 24 faiz artım olduğu və bu rəqəmin 1,3 milyon nəfərə çatdığı qeyd olunub.

Təşkilatın baş direktoru Emi Pope bildirib ki, bu statistikanın arxasında ağır şəraitdə yaşayan insanlar dayanır. “Əksəriyyəti uşaqlar, analar və yaşlılardan ibarət olan bu insanlar dəfələrlə evlərini tərk etməyə məcbur olublar. Onların çoxu heç bir əşyasını götürə bilmədən təhlükəli və qeyri-sabit mühitə düşüblər. Təcili tədbirlər görülməlidir. Bu böhran yeni norma ola bilməz”. - deyə o bildirib.

Qeyd edək ki, illərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları ilə mübarizə aparan Haitidə 11 milyondan çox əhali aclıq təhlükəsi ilə qarşı-qarşıyadır.

Paytaxt Port-o-Prinsin 80 faizindən çoxuna silahlı dəstələrin nəzarət etdiyi ölkədə zorakılıq artmaqda davam edir. BMT-nin məlumatına görə, 2024-cü ildə bu cür hücumlar nəticəsində 5600-dən çox insan həyatını itirib.

Seçilən
19
turkic.world

1Mənbələr