BAKI, 11 iyun. TELEQRAF
Ermənistanın baş naziri Nikol Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında qalmaqal hər gün böyüyür. Baş nazir əvvəllər kilsəni öz işini düzgün qura bilmədiyini, Allahla aralarında problemin olduğunu iddia etmişdi. Öz növbəsində katolikos da Paşinyanı lənətlədikləri cavabını vermişdi. İndi isə bu gərginlik daha da kəskinləşib. Baş nazir II Qareginin subaylıq andını pozduğunu, onun kilsə, din adından danışmağa haqqının çatmadığını bildirib.
Mövzu ilə bağlı Teleqraf-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, dinşünas alim, deputat Ceyhun Məmmədov xristianlıqda “subaylıq andı” ilə bağlı qaydaların olduğunu deyib.
O, Ermənistanda gələn il keçiriləcək parlament seçkiləri öncəsi gərginliyə diqqət çəkib: “Görünən odur ki, seçki öncəsi tərəflər bir-birinə qarşı ittihamları daha da sərtləşdirirlər. Bu xüsusda erməni kilsəsi uzun müddətdir ki, Paşinyanın hakimiyyətdən uzaqlaşması üçün ona qarşı davamlı olaraq kampaniya aparır. İndiki gərginlik də qarşıdurmanın yeni tərzahürüdür”.
Dinşünas alim bildirib ki, xristianlıqda din xadimlərinin ailə qurması qadağan edilir: “Bu sözsüz ki, bütün xristianlara aid deyil. Ancaq dinlə məşğul olanlara bu qayda şamil olunur. Onlar yalnız dini fəaliyyətlə məşğul olurlar və ailə qurmaları qeyri-məqbul olmaqla yanaşı, günah sayılır. Yəni subaylıq andı dedikdə xristian din xadimlərinə ailə qurmağı qadağan edən amillər nəzərdə tutulur”.
Ceyhun Məmmədov bəzi dinlərdə də bu qaydaların olduğunu söyləyib: “Bu, daha çox xristianlıqda öz əksini tapıb. Amma bəzi şərq dinlərində də bu cür hallar var. Bəzi din xadimləri özlərini sırf ibadətə həsr edirlər və ailə quraraq vaxtlarını itirmək istəmirlər. İndi Ermənistanda katolikosun subaylıq andının pozduğunu ortaya atan Paşinyan da əslində kilsənin cəmiyyətdəki rolunu azaltmağa çalışır. Əslində bu, Azərbaycanın maraqlarına uyğundur. Çünki uzun onilliklər məhz erməni kilsəsi xalqlar arasında müharibəni körükləməklə məşğul olub, indiki halda isə sülhün əldə olunmasına maneə olmağa çalışır”.
Qeyd edək ki, Ermənistanın Baş naziri bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda ittiham edir. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz. Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılması barədə çağırış edib.