Xəbər verdiyimiz kimi, bu il təşkil olunacaq sertifikatlaşdırılma prosesinə kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən müəllimlər ilk dəfə cəlb olunacaqlar.
18-25 iyun tarixlərində keçiriləcək imtahanlarda, həmçinin indiyədək sertifikatlaşdırmadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri də prosesdə iştirak edəcəklər.
Həmçinin MİQ-dən keçib ilk dəfə sertifikasiyaya cəlb olunacaq müəllimlər də imtahanda yer alacaq.
Maraqlıdır, həmin müəllimlərin nəticələri necə olacaq?
Mövzu ilə bağlı AzEdu.az-a Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov qeyd edib ki, 2025-ci ildə keçiriləcək müəllimlərin sertifikasiyası təhsil sistemində keyfiyyətin artırılması, müəllimlərin peşəkar inkişafının stimullaşdırılması və məktəblərdə daha effektiv tədris mühitinin qurulması baxımından kritik əhəmiyyət daşıyır:
“Əvvəlki illərin təcrübəsi göstərdi ki, bu proses ilk mərhələdə müəyyən psixoloji narahatlıq yaratsa da, pedaqoji bacarıqların qiymətləndirilməsi və diferensial əməkhaqqı sisteminin tətbiqi baxımından mühüm nəticələr verə bilər. Bu il gözləntilər həm təlim məzmununun daha obyektiv şəkildə ölçülməsi, həm də qiymətləndirmənin şəffaflığının təmin edilməsi üzərində cəmlənmişdir.
Ötən illərdə keçirilmiş sertifikasiyalarda bəzi texniki və metodoloji problemlər müşahidə olunmuşdu. 2023-cü ildə 20 mindən çox müəllimin iştirakı ilə keçirilən proses zamanı orta bal göstəricisi 54, uğur göstəricisi isə 76 faiz civarında olmuşdu. Lakin nəticələrin şərhində fərqliliklər, imtahan suallarının bəzən təlim proqramından kənar olması, həmçinin qiymətləndirmə meyarlarının birmənalı olmaması cəmiyyətdə narahatlıq yaratmışdı. 2025-ci ildə isə bu problemlərin rəqəmsal yoxlama sistemi, strukturlaşdırılmış test bankları və normativ baza ilə dəstəklənməsi planlaşdırılır”.
“Xüsusilə MİQ yolu ilə işə qəbul olunan müəllimlərin bu prosesdə necə nəticə göstərəcəyi də aktual sualdır”,- deyə ekspert fikrinə əlavə edib:
“MİQ imtahanları hazırda əsasən test əsaslı bilik ölçümü üzərində qurulduğu üçün müəllimlər bu formatda daha çevik və vərdişlidir. Lakin sertifikasiya prosesində dərs strategiyaları, təlimdə məqsədin formalaşdırılması, diaqnostik qiymətləndirmə, refleksiya və təlim metodikasının tətbiqi kimi sahələr də qiymətləndirilir. Bu baxımdan, yalnız test vərdişinə güvənən, lakin sinifdaxili təlim-tədris texnologiyalarına yetərincə hakim olmayan MİQ-lə qəbul olunmuş müəllimlərin bəziləri üçün bu proses çətinlik yarada bilər. Digər tərəfdən, MİQ vasitəsilə son illərdə işə qəbul olunmuş gənc müəllimlər arasında öz üzərində işləyən, yeni təlim texnologiyalarını mənimsəyən və tədrisə innovativ yanaşan şəxslərin sayının artması da müşahidə olunur. Bu da onlara üstünlük verə bilər.
Sertifikasiya təhsilə bir neçə istiqamətdə təsir göstərəcək. İlk növbədə, müəllimlərin motivasiyası artır. Sertifikasiya nəticəsi maaşa birbaşa təsir etdiyi üçün müəllimlərin öz üzərində işləməsi stimullaşır. Bu da tədrisin keyfiyyətinə dolayı formada müsbət təsir göstərir. İkincisi, peşəkar inkişaf mədəniyyəti formalaşır. Müəllim artıq yalnız MİQ imtahanından keçməklə deyil, peşəkar inkişafın daimi proses olduğunu anlayır. Üçüncüsü, məktəb rəhbərlikləri müəllimləri daha obyektiv əsaslarla qiymətləndirmək imkanına malik olur, çünki sertifikasiya nəticələri həm də müəllimin tədris fəaliyyətinin strukturlaşdırılmış göstəricisidir.
Dünya təcrübəsində müəllimlərin sertifikasiyası artıq normativ bir mexanizmdir. Məsələn, Finlandiyada müəllim yalnız magistratura pilləsindən sonra müəllim işləyə bilər və bu müddət ərzində qiymətləndirmə davamlı formada həyata keçirilir. Sinqapur və Cənubi Koreya kimi ölkələrdə sertifikasiya yalnız test əsaslı deyil, həm də dərs müşahidəsi, portfolionun təqdimatı və şagird nailiyyətlərinin analizi ilə müşayiət olunur. Bu isə müəllimə akademik yox, praktik peşəkar kimi yanaşmanı gücləndirir. Azərbaycanda isə hazırkı model hələlik əsasən test mərhələsinə söykənir, lakin gələcəkdə mikro-pedaqoji tapşırıqlar, dərs planlarının qiymətləndirilməsi, şagirdlərlə işləmə bacarığının müşahidə edilməsi kimi alətlərin əlavə olunması bu prosesin real keyfiyyət göstəricisinə çevrilməsinə kömək edə bilər.
Hesab edirəm ki, 2025-ci ildə keçiriləcək müəllim sertifikasiyası daha optimallaşdırılmış, psixoloji baxımdan daha ədalətli və texniki baxımdan daha şəffaf keçərsə, həm müəllimin statusu yüksələr, həm də təhsilin keyfiyyətinə uzunmüddətli töhfə verilər. Bu proses sadəcə bir yoxlama mexanizmi yox, təhsildə peşəkarlaşma, davamlı inkişaf və hesabatlılıq sisteminin formalaşdırılması baxımından əsaslı dönüş nöqtəsidir. MİQ ilə sistemə daxil olmuş, amma bu yolda inkişafı prioritet sayan müəllimlər isə bu prosesdən keçərək həm nüfuz, həm də maddi baxımdan daha güclü mövqe qazanacaqlar”.