AZ

Adil Şükürov: “Kəpəz”i əvvəlki nüfuzuna qaytarmaq istəyirəm – MÜSAHİBƏ

Bakı, 11 iyun, AZƏRTAC

Yenidən “Kəpəz”in baş məşqçi postuna qayıdan Adil Şükürov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Yenidən “Kəpəz” komandasının baş məşqçisi oldunuz. Təyinatınız necə baş tutdu?

- Düzünü desəm, “Kəpəz”dən gələn təklif mənim üçün gözlənilməz oldu. Bu cür tarixi komandada yenidən işləyəcəyimə görə çox xoşbəxtəm. Gəncə futbolunun böyük tarixi var. Mən də burada uğur qazanmağı hədəfləyirəm.

- Budəfəki dönüş əvvəlkindən nə ilə fərqlənəcək?

- Döyüşkən komanda qurmaq istəyirəm. Əsas hədəfim budur. Yeni mövsümdə mümkün qədər üst pillələrdə olub, gələcək üçün yaxşı komanda formalaşdırmaq niyyətindəyik. “Kəpəz”i qarşıdakı illərdə medalçılar sırasına salmaq ən böyük arzumdur.

- Hazırkı komandanın durumunu necə qiymətləndirirsiniz?

- Mövsüm başa çatdığı üçün komanda ilə tanışlıq olmayıb. Müqaviləsi başa çatan və davam edən futbolçulara baxacağam. Kimin qalacağı və gedəcəyi barədə indidən nəsə demək düzgün çıxmaz.

- Bildiyiniz kimi, Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunub. Sizin oyunçu seçimləriniz necə olacaq?

- Gənc futbolçular da hər zaman diqqətimizdə olub. Legioner isə hər bir komanda üçün önəmlidir. Çünki yerli və gənc oyunçular kənardan gələnlərdən yeni nəsə öyrənir, müəyyən təcrübə qazanır.

- Gəncə azarkeşlərinə nə demək istərdiniz?

- “Kəpəz” böyük klubdur. Bu komandanı Gəncədə çox sevirlər. Gözəl azarkeşləri də var. Hər zaman komandalarının yanında olurlar. Mənim də məqsədim “sarı göylər”i əvvəlki nüfuzuna qaytarmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm.

Seçilən
55
2
azertag.az

3Mənbələr