Dünyadakı milyarderlərin misilsiz sərvətləri barədə tez-tez xəbərlər oxuyuruq. Lakin bu rəqəmlərin miqyasını dərk etmək çətindir. Gəlin təsəvvür edək: əlinizdə 1 milyard dollar var və siz hər gün 100 000 dollar xərcləyirsiniz. Bir il sonra belə, hələ də 963,5 milyon dollarınız qalacaq.
Valyuta.az xəbər verir ki, son 20 ildə milyarderlərin sərvətləri misli görünməmiş həddə yüksəlib. Məsələn, 2005-ci ildə "Microsoft"un həmtəsisçisi Bill Qeyts 46,5 milyard dollarla dünyanın ən varlı adamı hesab olunurdu. Bu gün isə həmin titul "Tesla"nın rəhbəri İlon Maska məxsusdur - onun sərvəti təxminən 368 milyard dollardır.
Texnologiya nəhəngləri "Meta"nın rəhbəri Mark Zukerberq (229 milyard dollar) və "Amazon"un qurucusu Ceff Bezos (227 milyard dollar) ona yaxın göstəricilərlə ikinci və üçüncü yerləri tutur. Bəs bu sərvətlər əhali arasında bölünsəydi, nəticə necə olardı?
Mask sərvətini paylaşsa, nə baş verərdi?
ABŞ Əhalinin Siyahıyaalınma Bürosunun qiymətləndirməsinə görə, ölkədə 341 milyon nəfər yaşayır. Əgər Maskın 368 milyard dollarlıq sərvəti bərabər şəkildə amerikalılar arasında bölünsəydi, hər kəs təxminən 1 079 dollar alardı.
Əgər Maskın sərvəti bütün planetin əhalisi - yəni 8 milyarddan çox insan arasında bölünsəydi, hər kəs cəmi 46 dollar ala bilərdi.
Maskın sərvəti nədən ibarətdir?
Bu astronomik məbləğlərin böyük hissəsi səhmlər, daşınmaz əmlak və digər aktivlərdə cəmlənib. Nağd pul isə çox az hissəni təşkil edir.
Mask "Tesla"nın 12%-lik səhmlərinə sahibdir və 1,15 trilyon dollar dəyərindəki bu şirkətin ən böyük səhmdarı olaraq qalır. O, həmçinin "SpaceX" şirkətinin 42%-nə, süni intellekt sahəsində fəaliyyət göstərən "xAI" startapının isə 54%-nə sahibdir.
Paşa Məmmədli