AZ

Sülhün gecikməsinin daha bir fəsadı: Kilsə-dövlət qarşıdurması Ermənistanı bitirir...

Son vaxtlar Ermənistanda kilsə ilə Paşinyan hakimiyyəti arasındakı gərginliyin artdığı, bu gərginliyin tərəflər arasında birbaşa ittihamlara yol açdığı müşahidə edilir. Kilsənin Paşinyan hakimiyyətinə qarşı hücumundan sonra bütün ermənilərin katalikosu II Qaregini “subaylıq andı”nı pozmaqda ittiham edən Paşinyan, onun indiki statusla öz postunda qalmasının mümkünsüz olduğunu bildirib:

“Bu, faktdır və əgər II Qaregin bunu inkar etməyə cəhd göstərsə, mən bunu lazımi formatda sübut edəcəm. Bununla əlaqədar olaraq, erməni apostol kilsəsinin qaydasına görə, II Qaregin nə yepiskop, nə arxiyepiskop ola, nə də seçilə bilər. O, katolikos ola bilməz. Ktriç Nersisyan patriarx iqamətgahını boşaltmalıdır.

Erməni apostol kilsəsinin inanclı davamçısı, mənəvi irsimizin hər bir dəyərinə, hər bir əşyasına, hər bir surətinə və daşına hörmətlə yanaşan bir şəxs kimi bəyan edirəm: erməni apostol müqəddəs kilsəsinin yeni seçilmiş katolikosu olmalıdır. Bu şəxsin nüfuzu, mənəvi təmizliyi katolikosluq seçkilərinə qədər yoxlanmalı və təsdiqlənməlidir. Mən müqəddəs erməni apostol kilsəsinin inanclı davamçılarını patriarx iqamətgahının sevgi və xristian ruhunda azad olunması və bütün ermənilərin katolikosu vəzifəsinə həqiqətən müqəddəs bir din xadiminin seçilməsi gündəliyi ətrafında birləşməyə çağırıram”.

Şübhəsiz ki, II Qareginin “subaylıq andı”nı pozduğunu Paşinyan indi öyrənməyib. Bu məlumatı erməni baş nazir yəqin ki, bir neçə ay və ya bir neçə il bundan öncə əldə edib. Lakin Ermənistanın baş naziri uzun müddət  bu fakt haqqında susmağa, bunu ictimailəşdirməməyə qərar verib. Çox güman ki, Paşinyan kilsə ilə hansısa formada dil dapa biləcəyini, onu mərkəzi hakimiyyətin iradəsinə tabe edə biləcəyini düşünüb. Lakin bir müddət bundan öncə Paşinyanın II Qareginlə bağlı informasiyanı açıq tekslə gündəmə gətirməsi İrəvanla kilsə arasındakı qarşıdurmanın qızışdığını və heç bir tərəfin geri çəkilmək niyyətində olmadığını göstərir.

Paşinyanla kilsə arasındakı gərginliyin əsas səbəbi isə erməni kilsəsinin öz tarixi missiyasına uyğun olaraq müstəqil və təxribatçı siyasət yürütmək cəhdi ilə bağlıdır. Ermənistan cəmiyyəti ilə yanaşı, həm də Ermənistan hakimiyəti üzərində söz sahibi olmağa çalışan, bu niyyətlə də həm ölkə daxilində, həm də ölkə xaricində bir çox güc mərkəzləri ilə separat danışıqlara gedən II Qaregin, faktiki olaraq hakimiyyətə paralel alternativ yaratmağa çalışırdı. Kilsənin bu niyyəti Ermənistandakı mövcud siyasi hakimiyyətlə ziddiyyətdə olan Rusiya və digər güclər tərəfindən dəstəklənir, qlobal güclər kilsədən Paşinyan rejiminə qarşı təzyiq vasistəsi kimi istifadə etməyə cəhd edirdi. Məhz bütün bu tendensiya Paşinyanı gec də olsa hərəkətə keçməyə, II Qareginin yalnız dövlətçilik maraqlarına deyil, həm də dini dəyərlərə xəyanət etdiyini ifşa etməyə vadar edib.

Bir sözlə, kilsə-dövlət qarşıdurması Ermənistandakı daxili gərginliyin təzahürüdür və bu gərginlik erməni cəmiyyətinin iki qütbə parçalanması ilə paralel müşahidə edilir. Hansı ki, Ermənistan daxilində gərginliyi artıran ən mühüm amil Paşinyan rejiminin Azərbaycanla sülh səylərini praktiki şəkildə və səmimi olaraq dəstəkəlməməsi, sülh prosesini süni şəkildə uzatmasıdır. Məhz bu proseslərin süni şəkildə qeyri-müəyyən müddətə uzanması qlobal güclərin Ermənistanda aktivləşməsinə, regionla bağlı məqsədlərinə nail olmaq üçün müxtəlif təxribat və qarşıdurmalara rəvac verməsinə səbəb olur.

Paşinyan hakimiyyəti üçün mövcud böhran vəziyyətindən ən düzgün çıxış yolu İrəvanın Azərbaycanın sülh səylərini səmimi şəkildə dəstəkləməsi, bununla da həm daxili, həm də xarici qüvvvələri mərkəzi hakimiyyətə təzyiq imkanından məhrum etməsidir. Yalnız bu siyasət erməni kilsəsi ilə yanaşı, Paşinyan hakimiyyətinə qarşı müxalifətdə olan bütün digər qüvvələri qəti məğlubiyətə məhkum edə bilər.

Seymur ƏLİYEV

 

Seçilən
20
moderator.az

1Mənbələr