BAKI, 11 iyun. TELEQRAF
“İyunun 10-da Birləşmiş Ərəb Əmirliklərinə səfərdən dönən bütün ermənilərin katolikosu II Qaregini İrəvan hava limanında cəmi 1500-2000 nəfər qarşılayıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın dini işlər naziri Davit Xudatyan dünən axşam bir qrup tərəfdarının II Qaregini hava limanında qarşılamasını şərh edərkən deyib.
“Əgər bütün siyasi müxalifət insanları “Zvartnots” hava limanında onu qarşılamağa çağırırsa və bundan sonra cəmi 1500-2000 vətəndaş ora gedirsə, şərhləri sizə buraxıram”, - nazir jurnalistlərə bildirib.
II Qaregini hava limanında bir qrup vətəndaş və media nümayəndəsi qarşılayıb, sonuncu isə birliyə, çətinliklərə qalib gəlməyə çağırıb, subaylıq andının pozulması və ya övlad sahibi olması ilə bağlı iddialara münasibət bildirməyib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.
Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və bu məqsədlə koordinasiya şurasının yaradılmasına çağırıb.