Məsələ ilə bağlı Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib. Siyasi şərhçi qeyd edib ki, NATO-nun Ukraynanı qəbul etməsi nüvə qarşıdurmasına yol aça bilər:
"Ukraynanın NATO-ya üzv olma ehtimalını sıfıra yaxın dəyərləndirirəm. Yəni, Ukrayna hazırda parçalanmış, Rusiya tərəfindən əraziləri işğal olunmuş bir dövlətdir. NATO-nun da nizamnaməsində və qaydalarında var ki, əgər bir NATO üzvünə hücum olunarsa, bu, bütün üzvlərə hücum sayılır və hamısı müdafiə rejiminə keçir, həmin dövləti qorumağa borclu olur. Yəni Ukraynanın NATO-ya üzv olması, NATO-nun Rusiya ilə açıq qarşıdurması deməkdir ki, bu da hazırkı vəziyyətdə mümkün görünmür.
Ukrayna elə buna görə Rusiya tərəfindən cəzalandırılır ki, NATO-ya üzv olmaq istəyirdi və bu istiqamətdə sürətli addımlar atırdı. Öz neytrallığını pozmağa doğru addımlar atırdı və buna görə də Rusiya Ukraynaya qarşı hərbi müdaxilə, hərbi təcavüz etdi.
Nüvə qarşıdurması riskini zəif qiymətləndirirəm. Əgər belə bir şey olarsa da, bu, çox böyük bir fəlakətə səbəb ola bilər. Bu, dünyamız və bəşəriyyət üçün ağır bir imtahan və faciəvi bir hadisə ola bilər. Məsələn, Hindistanla Pakistan arasında biz gördük - qarşıdurma başladı, hər ikisi nüvə dövləti idi və məsələlər tezliklə sakitləşdi. Nüvə silahından istifadə etmək böyük məsuliyyət, böyük bir gərginlik deməkdir. Mən inanmıram ki, hadisələr ora qədər getsin, yəni Rusiya ilə NATO ölkələri arasında nüvə qarşıdurması baş versin. Bu, ən arzulanmaz ssenaridir.
Ümid edirəm ki, Rusiya və NATO ölkələrinin rəhbərləri öz məsuliyyətlərini dərk edərək bu məsələlərdən geri çəkiləcəklər. Ukraynaya isə bu vəziyyətdə xalqı və dövləti üçün yalnız "Allah qorusun" deyə bilərik. Çünki doğrudan da çox çətin vəziyyətdədirlər".
Zeynəb Mustafazadə