AZ

Xəzərdə gizli təhlükə - Bu ərazilərə gedənlər… - Mütəxəssisdən xəbərdarlıq

Azərbaycanda çimərlik mövsümünün başlanmasına sayılı günlər qalmasına baxmayaraq, Xəzər dənizi boyunca bəzi ərazilərdə ciddi çirklənmə müşahidə olunur. Bəzi ərazilərdə sənaye tullantıları, kanalizasiya axıntıları insan sağlamlığı üçün ciddi risklər yarada bilər. Bəs Xəzərin hansı ərazilərində çimmək təhlükəsiz hesab olunur? Son illərdə çimərliklərdə müşahidə olunan çirklənmə nə ilə bağlıdır? Əsas təhlükə mənbələri hansılardır: məişət tullantıları, sənaye axıntıları, yoxsa digər faktorlar?
Bu suallara cavab tapmaq üçün mütəxəssislə həmsöhbət olduq. Moderator.az-a danışan ekoloq Sadiq Həsənov bildirib ki, Azərbaycanda çimərlik mövsümünə  iyun ayının 15-dən sonra  start verilir. Onun sözlərinə görə,  havaların isti keçməsi səbəbilə insanlar artıq dəniz kənarına üz tutmağa başlayıblar:
 “Xəzər dənizi boyu Mərdəkanda, Şüvəlanda, Novxanıda, Buzovnada, Zağulbada, Nardaranda, Şıxda, Hövsanda və Türkanda çimərliklər var. Qeyd edək ki, bir neçə il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış İDEA İctimai Birliyi tərəfindən Şıx, Sahil, Buzovna, Görədil, Pirşağı və Novxanı qəsəbələrində ictimai çimərliklər istifadəyə verilib. Bu çimərliklər əhalinin ən çox üz tutduğu məkanlar sırasındadır. Burada çimərlik avadanlıqları ödənişsiz təqdim olunur. Giriş də pulsuzdur və bu, vətəndaşların rahat istirahəti üçün əlavə imkan yaradır. Hazırda çimərliklərdə mövsümə hazırlıq işləri davam edir. Rəsmi açılış olmasa da , insanlar isti hava şəraiti ilə əlaqədar bu məkanlara üz tuturlar”.
 
Ekoloq sözünə davam edərək vurğulayıb ki, Xəzər dənizində çimərlik suyunun gigiyenik keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir. Hər il çimərlik mövsümü ərəfəsində monitorinqlər aparılır və nəticələr ictimaiyyətə açıqlanır:
“Bu məlumatlarda dəniz suyunun hansı ərazilərdə təmiz, hansılarda isə çirklənmiş olduğu göstərilir. Artıq cari il üzrə monitorinqlərə start verilib. Təxminən may ayının ortalarından etibarən nümunələr götürülməyə başlanıb. Lakin hələlik bu ilin nəticələri ictimaiyyətə açıqlanmadığı üçün dəqiq vəziyyət barədə rəsmi açıqlama verilməyib. Əvvəlki illərin monitorinq nəticələrinə əsasən, Şıx, Sahil, Hövsan və Türkan çimərliklərində suyun vəziyyəti xüsusilə narahatedici olub. Bu ərazilərdə dənizə bir neçə istiqamətdən çirkləndirici mənbələrdən – əsasən məişət və sənaye sularından – axıntılar daxil olur. Nəticədə suyun tərkibində insan sağlamlığı üçün təhlükəli olan, müxtəlif zəhərli maddələr,  bağırsaq çöpləri və digər zərərli bakteriyalar aşkarlanıb. Əsas çirklənmə mənbələri – kanalizasiya suları, məişət tullantıları və sanitar məqsədlə axıdılan çirkli sular – bağırsaq infeksiyalarının yayılmasına şərait yaradır. Hazırda Xəzər dənizinin sahilboyu ərazilərində çirklənmə problemi, aparılan tədbirlərə baxmayaraq, hələ də aktual olaraq qalır. Müəyyən təmizləmə və nəzarət tədbirləri görülsə də, bu işlər hələ də tələb olunan səviyyədə deyil. Yaxın vaxtlarda bəzi axıntıların qarşısı alınsa da, bu problemlər uzun illərin nəticəsidir və tam şəkildə aradan qaldırılmayıb. Çirklənmə nəticəsində dəniz suyunda müxtəlif xəstəliklərin, xüsusilə də bağırsaq infeksiyalarının yayılması riski artır. Mütəxəssislər bildirirlər ki, monitorinqlərin nəticələri açıqlanandan sonra hansı çimərliklərin gigiyenik baxımdan təhlükəsiz olduğu dəqiqləşəcək və vətəndaşlara hansı ərazilərdə çimməyin tövsiyə edildiyi rəsmi şəkildə bildiriləcək”.
 
S.Həsənov əlavə edib ki, bəzi hallarda çimərliklərin çirklənməsində vətəndaşların özlərinin də rolu olur. Xüsusilə çimərliklərə gətirilən qida məhsullarının günəş altında saxlanılması, bakteriya toplanmasına səbəb olur və bəzən bu tullantıların dənizə atılması əlavə çirklənmə yaradır:
 “Bu, həm ətraf mühit, həm də insanların sağlamlığı üçün təhlükə mənbəyidir. Bu səbəbdən çimərliklərin təmiz saxlanmasında təkcə dövlət qurumlarının deyil, vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. İnsanlar çimərliyə dincəlmək üçün gəlirlər və təmiz, sağlam mühit hər kəsin haqqıdır. Həm suyun, həm də ərazinin təmizliyi, göstərilən xidmətlərin səviyyəsi insanlara xoş və təhlükəsiz istirahət bəxş etməlidir .Ümid edirik ki, həm dövlət orqanları tərəfindən nəzarət gücləndiriləcək, həm də vətəndaşlarımız bu qaydalara daha ciddi yanaşacaqlar”.
 
Seçilən
24
moderator.az

1Mənbələr