AZ

Peskov: Rusiya ilə ABŞ arasında münasibətlərdə çoxlu problem var, amma dialoq davam edir

Moskva, 11 iyun, AZƏRTAC

Rusiya-Amerika Birləşmiş Ştatları münasibətlərində çoxlu problem var, amma başlayan dialoq davam edəcək, baxmayaraq ki, sürətli nəticələr gözləmək olmaz.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, qeyd edib ki, “ikitərəfli münasibətlərdə çoxlu “tıxac” var” və tez nəticəyə ümid etmək olmaz. Kreml nümayəndəsi narahatedici amillərin aradan qaldırılması üçün Moskvada baş tutmalı olan Rusiya-ABŞ danışıqlarının qarşıdan gələn yeni raundu ilə bağlı xəbərləri şərh edərkən vurğulayıb: “Lakin belə mürəkkəb proses başlayıb və addım-addım davam edəcək”.

Rusiya nümayəndə heyətinin tərkibi ilə bağlı sualı cavablandıran D.Peskov qeyd edib ki, məsləhətləşmələr diplomatik qurumlar vasitəsilə aparılacaq.

Bundan əlavə, o, Avropa Komissiyasının Rusiya neftinin qiymət tavanını bir barel üçün 45 dollara endirmək planları ilə bağlı vəziyyəti şərh edib. Onun sözlərinə görə, Rusiyanın sanksiyaların mənfi nəticələrini minimuma endirmək təcrübəsi var. “Rusiya uzun müddətdir ki, bizim hələ də qeyri-qanuni hesab etdiyimiz müxtəlif məhdudiyyətlər altında yaşayır və artıq çox faydalı təcrübə qazanıb”, -deyə RF Prezidentinin mətbuat katibi qeyd edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
10
2
azertag.az

3Mənbələr